İqtisadiyyat Özəl

Azərbaycanda problemli kreditlər niyə artır? — Açıqlama

Azərbaycanda problemli kreditlər niyə artır? — Açıqlama

Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir. Son bir il ərzində problemli kreditlərdə 36 faiz artım qeydə alınıb. Bu göstərici həm vətəndaşların kredit öhdəliklərini yerinə yetirməkdə daha çox çətinlik çəkdiyini, həm də bank sektoru üçün risklərin artdığını göstərir.

Bu artımın əsas səbəbləri nələrdir və vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, problemli kreditlərin məbləğ baxımından artması hazırda maliyyə sektoru üçün ciddi narahatlıq yaratmır:

“Çünki problemli kreditlər 36% artsa da, ümumi kredit portfeli, xüsusilə istehlak kreditləri portfeli də böyüyüb. Bu səbəbdən problemli kreditlərin məbləği artsa da, onların ümumi kredit portfelindəki payında ciddi dəyişiklik yoxdur. Uzun müddətdir ki, problemli kreditlərin ümumi kredit portfelinə nisbəti 3%-dən aşağı səviyyədə qalır. Halbuki 2010-2020-ci illərdə bu göstərici ikirəqəmli faizlərlə ifadə olunurdu. Hətta 2020-ci illərin əvvəllərində də problemli kreditlərin payı təxminən 4,5-5% idi.

Hazırda isə bu göstərici əhəmiyyətli dərəcədə azalıb. Buna görə də artımdan daha çox nominal rəqəmlərlə danışmaq olar. Çünki həm pulun dəyəri dəyişib, həm də kredit portfeli əvvəlki illərlə müqayisədə xeyli böyüyüb. Problemli kreditlərin artmasının əsas səbəblərindən biri inflyasiyadır. İnflyasiya əhalinin alıcılıq qabiliyyətini azaldır və kredit öhdəliklərinin yerinə yetirilməsini çətinləşdirir. Digər mühüm səbəb isə kredit faizlərinin artmasıdır. Son bir ildə həm istehlak kreditləri, həm də ümumilikdə kredit faizləri nəzərəçarpacaq dərəcədə yüksəlib. Məsələn, əvvəllər 18%-lə verilən kreditlər indi 23-24%-lə, 23-24%-lə verilən kreditlər isə 28-30%-lə təklif olunur. Yəni faiz yükündə ciddi artım müşahidə edilir”.

Xalid Kərimli bankların faiz gəlirlərini artırdığını və problemli kreditlər üzrə ehtiyatların formalaşdırıldığını qeyd edib:

“Buna görə də bu, hazırda daha çox problemli kreditlə üzləşən vətəndaşların problemidir. Mərkəzi Bank da istehlak kreditləri sahəsində kifayət qədər sərt qaydalar tətbiq edir. Artıq hər kəsə kredit verilmir. Kredit portfelinin təxminən 98%-i bank sektorunun payına düşür və banklar gəlir-öhdəlik nisbətinə ciddi əməl edirlər. Mövcud qaydalara əsasən, vətəndaşın aylıq kredit ödənişi onun rəsmi aylıq gəlirinin 45%-ni keçə bilməz. Bu sahədə həm nəzarət mexanizmləri, həm də ehtiyat tələbləri kifayət qədər sərtdir.

Yəni Mərkəzi Bank istehlak kreditlərini nəzarətsiz buraxmayıb. Bununla yanaşı, vətəndaşlar da kredit götürərkən ehtiyatlı davranmalıdırlar. Kredit faizlə geri qaytarılan öhdəlikdir və son dövrlərdə faizlər sürətlə artıb. Ölkədə inflyasiya da davam edir. Əgər insan gəlirlərinin kredit ödənişlərini qrafikə uyğun ödəməyə imkan vermədiyini görürsə, belə öhdəliyə girməməlidir. Xüsusilə istehlak kreditləri götürərkən daha diqqətli olmaq lazımdır. Bu kreditlər əsasən telefon, avtomobil, məişət texnikası, kompüter və digər istehlak mallarının alınmasına yönəlir. Belə xərclər gəlirlərə uyğun planlaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, kredit faizləri yüksəlib və ödəniş gecikərsə, cərimə faizləri də əlavə maliyyə yükü yaradacaq.

Hazırda Mərkəzi Bank kifayət qədər sərt prudensial tədbirlər həyata keçirir. Hətta qonşu ölkələrlə müqayisədə Azərbaycanda istehlak kreditləri üzrə tələblər daha sərtdir. Buna görə də problemli kreditlərin artmasına baxmayaraq, bu göstərici hələlik maliyyə sektoru üçün əhəmiyyətli sistem riski yaratmır. Əsas məsuliyyət isə kredit götürən vətəndaşın üzərinə düşür. Hər kəs öz maliyyə imkanlarını düzgün qiymətləndirərək kredit öhdəliyi götürməlidir”.

Fidan Hacızadə

D
demokrat.az