İqtisadiyyat Özəl

Bankların ən çox üstünlük verdiyi girov növü açıqlandı

Bankların ən çox üstünlük verdiyi girov növü açıqlandı

Son illərdə bank kreditlərinə müraciət edən vətəndaşların sayı artmaqda davam edir. Kreditlər vətəndaşların həm gündəlik maliyyə ehtiyaclarını qarşılamaq, həm də mənzil, avtomobil, təhsil və digər iri xərclərini maliyyələşdirmək üçün ən çox istifadə etdikləri maliyyə alətlərindən birinə çevrilib. Kredit portfelinin həcminin və kredit müraciətlərinin sayının artması bir tərəfdən bank sektorunda aktivliyin yüksəldiyini göstərsə də, digər tərəfdən əhalinin borclanma səviyyəsi və ödəmə qabiliyyəti ilə bağlı müzakirələri də yenidən aktuallaşdırır.

Kredit əldə etmək istəyən şəxslərin qarşılaşdığı əsas tələblərdən biri isə girov təminatıdır. Bəs vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyurlar?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Misirə Xəlilzadə bildirib ki, Azərbaycanda bank kreditlərinin təminatı qismində ən çox daşınar və daşınmaz əmlakdan istifadə olunur.

Onun sözlərinə görə, kredit təşkilatları risklərin minimuma endirilməsi məqsədilə bazar dəyəri müəyyən edilə bilən, hüquqi statusu aydın olan və zərurət yarandıqda realizə edilməsi mümkün təminat növlərinə üstünlük verirlər:

Bankların ən çox üstünlük verdiyi girov növü açıqlandı

“Təcrübədə ən çox girov qoyulan daşınmaz əmlaklar mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri, ofislər, mağazalar, anbarlar və digər qeyri-yaşayış obyektləridir. Daşınar əmlaklar arasında isə avtomobillər və qızıl məmulatları ən geniş yayılmış girov predmetləri hesab olunur. Bundan əlavə, bəzi hallarda banklarda yerləşdirilmiş əmanətlər (depozitlər) üzrə hüquqlar da kredit öhdəliklərinin təminatı kimi girov qismində qəbul edilir.

Girov predmetinin növü kreditin məbləğindən, təyinatından, müddətindən və kredit təşkilatının daxili risk siyasətindən asılı olaraq müəyyən edilir. Banklar girovu qəbul edərkən əmlakın və ya təminatın bazar dəyərini, likvidliyini, hüquqi statusunu, mülkiyyət sənədlərinin düzgünlüyünü, üzərində hər hansı yüklülük və ya məhdudiyyət olub-olmamasını qiymətləndirirlər.

Girov institutunun əsas məqsədi borcalanın kredit öhdəliklərini yerinə yetirmədiyi hallarda kreditorun qanunvericiliklə müəyyən edilmiş qaydada öz tələblərini girov predmeti hesabına təmin edə bilməsinə hüquqi zəmanət yaratmaqdır”, - deyə hüquqşünas fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az