Haluk Leventlə bağlı "Ahbap" istintaqı çərçivəsində məhkəmə binasına gedən müğənni-bəstəkar, aktryor və pianoçu Hayko Cepkin jurnalistlərin suallarına sərt şəkildə cavab verərək onları təhqir edib. Jurnalist Cüneyt Özdemir isə bu ağır ifadələrə səssiz qalmayıb.
Demokrat.az xəbər verir ki, Haluk Leventlə bağlı istintaq çərçivəsində məhkəməyə gətirilən Hayko Cepkin jurnalistlərin suallarına təhqiramiz ifadələrlə cavab verib. Həmin anlar sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub. Jurnalist Cüneyt Özdemir də Cepkinin davranışına sərt reaksiya göstərib.
İstanbul Respublika Baş Prokurorluğunun "Ahbap" Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində bir çox şəxsin məlumatına müraciət edilir. Cəmiyyət tərəfindən tanınan şəxslər də araşdırma çərçivəsində məhkəməyə çağırılmağa davam edir.
Bu şəxslərdən biri də rok musiqisinin tanınmış ifaçısı Hayko Cepkin olub. Cepkin İstanbul Ədliyyəsinə gəldiyi zaman girişdə jurnalistlərin sualları ilə qarşılaşıb.
Jurnalistlərin "ifadə verəcəksiniz" sözlərinə etiraz edən Cepkin "Məlumatım alınacaq, cənab" deyərək ifadənin düzgün olmadığını bildirib.
"Hamı deyir ki, ifadə verəcəksiniz. Bu nədir? Mənə zəng edib dedilər ki, məlumatınıza müraciət edəcəyik", deyə Cepkin narazılığını ifadə edib.
Jurnalistlərin Haluk Leventlə bağlı suallarını davam etdirməsi isə tanınmış musiqiçinin sərt reaksiyasına səbəb olub.
Cepkin "Hər şeyi şişirdirsiniz. Şişirdilmiş xəbərlərlə vəziyyəti lazımsız yerə gərginləşdirirsiniz" ifadələrini işlədərək proseslə bağlı tənqidlərini bildirib.
Hayko Cepkinin məhkəmə qarşısındakı açıqlamaları qısa müddətdə sosial mediada geniş rezonans doğurub. Jurnalist Cüneyt Özdemir sosial media hesabında ardıcıl paylaşımlar edərək Cepkinin jurnalistlərə qarşı münasibətini sərt şəkildə tənqid edib.
Özdemir paylaşımına "Bu təkəbbürə baxın!" ifadələri ilə başlayaraq, məşhur musiqiçinin jurnalistlərə qarşı istifadə etdiyi üslubun qəbuledilməz olduğunu bildirib.
Cüneyt Özdemirin açıqlamaları qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə olunub. Hayko Cepkin isə daha sonra Cüneyt Özdemir üzərindən jurnalistlərə qarşı sərt ifadələr işlətməyə davam edən paylaşımlar edib.


