Dünya Özəl

"Ahbap" ifadələrində ortaya çıxdı: Haluk Levent istifadə etdiyi sistemi özü izah etdi

Ahbap ifadələrində ortaya çıxdı: Haluk Levent istifadə etdiyi sistemi özü izah etdi

"Ahbap" Dərnəyi ilə bağlı istintaqın 4-cü dalğa əməliyyatı çərçivəsində saxlanılan şəxslərdən biri olan "Başaran Holding"in sahibi Hüseyn Başaranın ifadəsi üzə çıxıb.

Demokrat.az-ın məlumatına görə, Başaran bildirib ki, Haluk Leventin "Barter hovuzu" sistemindən istifadə etdiyini deyib və bu sistemin necə işlədiyini Leventin özü izah edib.

Zəlzələ dövründə yardım çağırışları ilə gündəmə gələn tanınmış şəxslər istintaq çərçivəsində ifadəyə çağırılıblar.

Hüseyn Başaranın ifadəsində qeyd etdiyi əsas məqamlar:

* Başaran bildirib ki, Haluk Leventin yönləndirməsi ilə 22 daşınmaz əmlak Yeliz Kayanın adına keçirilib. * O, 2026-cı ilin fevral-aprel ayları arasında ümumi dəyəri təxminən 2,3 milyard lirə olan 22 daşınmaz əmlakı satdığını, lakin bunun qarşılığında yalnız 151,68 milyon lirə ödəniş aldığını bildirib. * Başaran Haluk Leventin "Barter hovuzu" sistemindən istifadə etdiyini iddia edib. * Onun sözlərinə görə, Levent ona ABŞ, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatından yardım fondları aldığını göstərən foto və videolar təqdim edib. * Başaran bildirib ki, Levent həmin fondlardan vəsaitlərin gəlməsi üçün daşınmaz əmlakların "Barter hovuzu"nda toplanmalı olduğunu deyib.

"Broşür və kataloqları aldı, qiymətləri soruşdu"

Hüseyn Başaran ifadəsində Haluk Leventlə 4 il əvvəl Trabzonda bir oteldə tanış olduğunu bildirib.

"Trabzonda bələdiyyə konsertinə gəlmişdi. Otelin terrasına birlikdə oturub çay içdik. Daha sonra 2026-cı ilin fevral ayında Göktürkdəki bir restoranda qonaqlarımla yemək yeyirdim. Haluk Levent də başqa masada otururdu. Məni görəndə yanıma gəlib salamlaşdı. Göktürkdən keçərkən mənim tikintimin qarşısından tez-tez keçdiyini və bir gün çay içməyə gəlmək istədiyini dedi.

Xatırladığım qədərilə 2026-cı ilin fevral ayının əvvəlində Göktürkdakı "B-House" adlı tikintimizə gəldi. Birlikdə oturduq və mənzillərə baxmaq istədiyini bildirdi. Mən də onu satış əməkdaşlarına yönləndirdim. Mənzillərə baxdıqdan sonra yenidən yanıma gəldi. Broşür və kataloqları aldı, qiymətləri soruşdu", deyə Başaran ifadəsində qeyd edib.

"Yardım fondları barədə ətraflı danışdı"

Başaranın sözlərinə görə, Haluk Levent daha sonra zəlzələ bölgəsində həyata keçirdiyi yardımlardan və gələcək layihələrindən danışmağa başlayıb.

"Qız tələbə yataqxanası, məktəblər və zəlzələdən zərərçəkənlər üçün evlər tikdiklərini və ya tikməyə davam etmək istədiklərini söylədi. Əlində çoxlu layihə olduğunu bildirdi. Daha sonra xaricdəki, yəni ABŞ, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının yardım fondlarından danışdı. Mənə ABŞ-dakı Birləşmiş Millətlər Təşkilatının baş katib müavini ilə çəkilmiş fotolarını və gitara ifa etdiyi videonu göstərdi. Bu şəxslərin ona çox güvəndiyini, müxtəlif vaxtlarda zəlzələ bölgələri üçün fondlardan vəsait göndərdiklərini dedi. Bir çox fondlarla bağlı video və fotolar göstərdi. Mən də bunları gördükdən sonra məsələyə ciddi yanaşdım", deyə Başaran bildirib.

"Haluk Levent barter sistemindən istifadə edirdi"

Başaranın sözlərinə görə, Haluk Levent ona fondlardan gələcək vəsaitlərin 6-9 ay kimi müxtəlif müddətlərdə çata biləcəyini, lakin bu pulların gəlməsi üçün daşınmaz əmlakların onun "Barter hovuzu"nda toplanmalı olduğunu bildirib.

"Sonrakı yardımların da bu barter hovuzundan qarşılanacağını dedi. Barter hovuzu sistemi belə işləyir: məsələn, bir yataqxana tikiləcəksə, onun dəyəri daşınmaz əmlak formasında ödənilir.

Bu sistemin mənimlə heç bir əlaqəsi yoxdur. Lakin Haluk Levent istifadə etdiyi sistemin bu olduğunu özü bizə izah etdi", – deyə Hüseyn Başaran ifadəsində qeyd edib.

Jalə

D
demokrat.az