Siyasət

Azərbaycanda da hicab və saqqal qadağan olunacaq? — AÇIQLANDI

Azərbaycanda da hicab və saqqal qadağan olunacaq? — AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Tacikistan hakimiyyəti ölkədə hicab və ərəb libaslarının geyinilməsinə, eləcə də saqqal saxlanılmasına qanunvericilik səviyyəsində qadağa qoyub.

Demokrat.az xəbər verir ki, Millət vəkili Fazil Mustafa bu barədə EDnews-a danışarkən bildirib ki, hansısa ölkədə tətbiq olunan modeli olduğu kimi digər ölkələrdə də tətbiq etmək, bütün hallarda, doğru deyil.

Azərbaycanda da hicab və saqqal qadağan olunacaq? — AÇIQLANDI

“Biz həmin təcrübəni araşdırmalı, öyrənməliyik. Daha çox maarifçilik yolu ilə çalışmalıyıq ki, insanlar örtünmə forması olaraq milli ənənələr üzərindən bunu gerçəkləşdirsinlər. Bu, daha məqsədəuyğun olar. Bizdə nənələrimizin örtünmə formasına uyğun bir modelin təbliğ olunması daha yaxşı olar.

Mən bütün hallarda bunun qadağa formasında deyil, təbliğat və maarifləndirmə yolu ilə həyata keçirilməsinin tərəfdarıyam. İnanan insanlar öz inanclarını gözə soxmamalı, onu nümayiş etdirməməlidirlər. İnanc insanın daxili məsələsidir və daxili duyğuları ilə bağlı olan bir hissəni hamıya reklam etmək kimi yanaşmaq düzgün deyil. Biz bunu istər hicab formasında, istər saqqal və digər geyim formalarında da müşahidə edirik. Əgər inanc kiməsə göstərmək üçün nümayiş etdirilirsə, bu artıq ideologiyaya, siyasətə çevrilir”, – deyə parlamentari bildirib.

Fazil Mustafa qeyd edir ki, yüz minlərlə dindar var ki, onların inancı özlərinə aid məsələdir və onlar bunu heç kimə hiss etdirmədən öz həyatlarını, etiqadlarını yaşayırlar. O yerdə ki, insanlar bunu nümayiş etdirməyə çalışırlar, hicab və ya başqa geyim formalarını ölkənin xüsusiyyətlərinə uyğun olmayan şəkildə təqdim edirlər, bu artıq hansısa siyasətin və ya ideologiyanın uzantısı kimi anlaşılır.

“Bir var ki, insan öz qəlbində “Allahu Əkbər” deyir, bir də var ki, kimisə öldürərkən və ya hansısa izdihamın içində bunu qışqırır. Bu o deməkdir ki, həmin insan artıq “Allahu Əkbər” ifadəsini ideologiyaya çevirib, yəni buna daxili inanc məsələsi kimi baxmır. Dinin də əsas xüsusiyyəti odur ki, onu siyasətə və ideologiyaya alət etmək doğru deyil. İnsan öz daxilində bunu yaşamalıdır.

Diqqət etsəniz, sosial şəbəkələrdə dini inancı üzərindən başqalarını söyən, təhqir edən on minlərlə müsəlman kimliyi var. Bunlar artıq Peyğəmbər əxlaqından uzaq, sırf xidmət etdikləri ideologiyaya, yaxud hansısa mollaya, şeyxə, ayətullaya və ya başqa bir dini nüfuza tabe olan kimlik kimi çıxış edirlər. Ona görə də hesab edirəm ki, bu məsələlər qadağalarla deyil, daha çox cəmiyyəti maarifləndirmək, radikalizmin ağır nəticələrini nümunələrlə göstərmək yolu ilə həll edilməlidir. Belə olduqda bu prosesi daha ağrısız şəkildə keçmək mümkün olar”, – deyə o, əlavə edib.

Demokrat.az

D
demokrat.az