Plastik tərkibli piramida formalı çay paketlərinin dəmlənmə zamanı içkiyə mikro və nanoplastik zərrəciklər buraxdığı müəyyən edilib.
Demokrat.az xəbər verir ki, araşdırmaya görə, polipropilen, neylon və sellüloza əsaslı çay paketləri isti su ilə təmas zamanı müxtəlif miqdarda plastik zərrəcikləri ifraz edir. Ən yüksək göstərici polipropilen paketlərdə qeydə alınıb. Laboratoriya analizləri göstərib ki, bu paketlər hər millilitr suya 1,2 milyarddan çox zərrəcik buraxa bilir. Neylon paketlər ikinci, sellüloza paketlər isə daha aşağı göstərici ilə sonrakı yerdə qərarlaşıb.
Alimlər bildiriblər ki, yüksək temperatur, qarışdırma və paketin fiziki quruluşu bu prosesə təsir göstərən əsas amillərdir. Araşdırma zamanı mikroplastiklərin insan bağırsaq hüceyrələri tərəfindən sorulduğu, bəzi zərrəciklərin isə hüceyrə nüvəsinə qədər nüfuz edə bildiyi müşahidə olunub.
Tədqiqat müəllifləri mikroplastiklə təması azaltmaq üçün paket çay əvəzinə açıq çaydan istifadə etməyi, dəmləmə zamanı paslanmayan polad süzgəclərə üstünlük verməyi və plastik qablaşdırmaların əvəzinə şüşə qablardan istifadəni tövsiyə ediblər. Həmçinin “bioloji parçalanan” kimi təqdim olunan bəzi çay paketlərinin də isti suda daha çox nanoplastik buraxa biləcəyi vurğulanıb.


