Son illər daşınmaz əmlak bazarında müşahidə olunan qiymət dəyişiklikləri və yeni yaşayış komplekslərinin sayının artması mənzil almaq istəyənlərin seçim imkanlarını genişləndirsə də, qərar verməyi daha da çətinləşdirib. Mənzil almağı planlaşdıran vətəndaşların qarşısında duran əsas suallardan biri yeni tikiliyə, yoxsa köhnə tikiliyə üstünlük verməyin daha məqsədəuyğun olmasıdır. Hər iki variantın qiymət, tikinti keyfiyyəti, yerləşmə, infrastruktur, kommunal şərait, istismar xərcləri və gələcək investisiya dəyəri baxımından özünəməxsus üstünlükləri və çatışmazlıqları mövcuddur.
Məsələ ilə bağlı iqtisadçı ekspert Firdovsi Xəlilov Demokrat.az-a açıqlama verib.
O deyib ki, bu sualın qısa və birmənalı cavabı yoxdur:
“Çünki ilk növbədə bir suala cavab verməliyik ki, bu mənzil hansı məqsədlə alınır – yaşamaq üçün, yoxsa investisiya üçün? Məncə, qərarı müəyyən edən əsas amil məhz budur. Bundan sonra isə yeni tikili və köhnə tikili məsələsi ikinci mərhələyə keçir. Əgər söhbət yaşayış məqsədilə mənzil almaqdan gedirsə və alıcının maliyyə imkanı buna imkan verirsə, mən yeni tikili binalara üstünlük verilməsini daha doğru hesab edirəm. Çünki müasir binalar layihələndirmə baxımından daha rahatdır, lift, parkinq, mühəndis-kommunikasiya sistemləri, həyət infrastrukturu, enerji səmərəliliyi və ümumi yaşayış komfortu baxımından köhnə tikilərlə müqayisədə ciddi üstünlüklərə malikdir. Bundan əlavə, onların istismar resursu da daha uzunmüddətlidir. Köhnə tikililərdən danışarkən isə onları eyni kateqoriyada qiymətləndirmək düzgün olmaz. Burada həm istismar resursunun son mərhələsinə yaxınlaşmış beşmərtəbəli binalar, həm də hələ uzun illər istifadə edilə biləcək doqquzmərtəbəli yaşayış binaları mövcuddur. Bu səbəbdən köhnə tikililərin hər biri ayrıca qiymətləndirilməlidir”.
O qeyd edib ki, Azərbaycan bazarında uzun illərdir maraqlı bir tendensiya müşahidə olunur:
“Bir çox ölkələrdə istismar müddəti başa çatmış və ya köhnəlmiş binaların bazar dəyəri yeni tikililərdən xeyli aşağı olur. Bizdə isə bəzi köhnə tikililər söküntü və yenidənqurma gözləntilərinə görə süni şəkildə yüksək qiymətlərlə satılır. Yəni alıcı həmin mənzili yaşamaq üçün deyil, gələcəkdə həmin ərazidə yeni bina tikilərsə daha sərfəli mənzil əldə etmək ümidi ilə investisiya kimi alır. Lakin hesab edirəm ki, bazarda bu tendensiya da tədricən dəyişməyə başlayır. Son dövrlərdə qanunvericilikdə edilən dəyişikliklər, yeni tikilən binalara ipoteka imkanlarının genişləndirilməsi və köhnə tikililərlə bağlı kredit siyasətində aparılan dəyişikliklər bazarın istiqamətini dəyişə bilər. Bundan əlavə, dövlət ehtiyacları üçün alınan əmlakların qiymətləndirilməsi mexanizmi daha sistemli şəkildə bazar prinsiplərinə uyğunlaşdırılır. Bu isə yalnız söküntü gözləntisi ilə edilən investisiyaların əvvəlki qədər cəlbedici olmaması deməkdir”.
Ekspert qeyd edib ki, digər vacib məsələ maliyyələşmə imkanlarıdır:
“Bu gün bir çox yeni tikili layihələrində hissə-hissə ödəniş, uzunmüddətli daxili kredit və hətta bəzi hallarda faizsiz ödəniş kampaniyaları təklif olunur. Köhnə tikililərdə isə alıcı əsasən bank ipotekasından istifadə edə bilir. Bu da seçim zamanı nəzərə alınmalı olan mühüm amillərdəndir. İnvestisiya baxımından isə məsələyə yalnız "yeni" və ya "köhnə" prizmasından yanaşmaq düzgün olmaz. Əmlak bazarında əsas dəyəri binanın yaşı deyil, onun lokasiyası, hüquqi vəziyyəti, gələcək inkişaf perspektivi və likvidliyi müəyyən edir. İnsanlar əslində binanı deyil, ünvanı alırlar. Binanı təmir etmək mümkündür, amma lokasiyanı dəyişmək mümkün deyil. Yaşayış məqsədilə mənzil alan və maliyyə imkanı olan şəxslərə yeni tikili binaları tövsiyə edərdim. Əgər məqsəd investisiyadırsa, qərar emosiyalarla deyil, bazarın gələcək inkişafı, hüquqi risklər, maliyyələşmə imkanları və əmlakın gəlirlilik potensialı nəzərə alınmaqla verilməlidir. Bu gün daşınmaz əmlak bazarında uğurlu investisiyanın sirri yalnız köhnə və ya yeni tikili seçməkdə deyil, doğru əmlakı doğru qiymətə almaqdadır”.


