Şou-biznes Özəl

Acun Ilıcalının TV8 proqramları ilə bağlı sıralaması müzakirələrə səbəb oldu

Acun Ilıcalının TV8 proqramları ilə bağlı sıralaması müzakirələrə səbəb oldu

TV8 kanalının sahibi və prodüser Acun Ilıcalının qatıldığı verilişdə kanalın məşhur proqramlarını sıralaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə "Zuhal Topalla Yemekteyiz" proqramını siyahının sonuna yerləşdirməsi diqqət çəkib.

Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə populyarlıq qazanan “Kor sıralama” oyununda iştirak edən Acun Ilıcalıdan “TV8” ekranlarında yayımlanan proqramları ardıcıllıqla düzməsi istənilib. Oyunun qaydalarına əsasən, iştirakçı qarşısına çıxacaq növbəti proqramları əvvəlcədən bilmədən seçim edib.

Nəticədə Acun Ilıcalının tərtib etdiyi siyahıda birinci yeri “Survivor”, ikinci yeri “MasterChef Türkiye”, üçüncü yeri “O Ses Türkiye”, dördüncü yeri isə “Var Mısın Yok Musun” tutub. Siyahının sonuncu pilləsində isə aparıcısı Zuhal Topal olan “Zuhal Topalla Yemekteyiz” proqramı qərarlaşıb.

Bu sıralama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Acun Ilıcalının seçimini illər əvvəl onunla Zuhal Topal arasında yaşanan format mübahisəsi ilə əlaqələndiriblər.

Xatırladaq ki, illər əvvəl Zuhal Topalın “FOX TV”də təqdim etdiyi “Zuhal Topal'la Sofrada” proqramının “TV8”də yayımlanan “Yemekteyiz” formatına bənzədiyi iddiaları gündəmə gəlmişdi. Acun Ilıcalı həmin vaxt proqram formatının kopyalandığını bildirmiş və məsələ ilə bağlı hüquqi addımlar atacağını açıqlamışdı. Bunun ardınca tərəflər arasında ictimai polemika yaşansa da, “FOX TV” və Zuhal Topal bu iddiaları qəbul etməmişdilər.

Sonrakı illərdə isə tərəflər əməkdaşlığa başlayıb və Zuhal Topal “TV8”də yayımlanan “Yemekteyiz” proqramının aparıcısı olub.

Jalə

D
demokrat.az