Maraqlı Özəl

Smartfonunuzu ucuz USB kabeli ilə doldursanız nə baş verir?

Smartfonunuzu ucuz USB kabeli ilə doldursanız nə baş verir?

Yeni enerji doldurma kabeli alarkən bir çox istifadəçi ən ucuz variantı seçir və bütün USB kabellərinin eyni prinsiplə işlədiyini düşünür. Lakin BGR nəşrinin yazdığına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, keyfiyyətsiz kabel təkcə enerji doldurma sürətini azaltmır, həm də smartfona zərər vura bilər.

Demokrat.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, ucuz kabellərin əsas problemi onların çox vaxt USB standartlarının tələblərinə cavab verməməsidir. Nəticədə kabel enerji ötürülməsini düzgün tənzimləyə bilmir ki, bu da enerji doldurulmasının qeyri-sabit olmasına, batareya və digər komponentlərin əlavə yüklənməsinə səbəb olur.

Müasir “USB-C” kabelləri “E-marker” adlı xüsusi çiplə təchiz olunur. Bu çip cihazın "rəqəmsal pasportu" rolunu oynayır, həddindən artıq qızmanın qarşısını alır və təhlükəsiz şəkildə mümkün olan ən yüksək enerji doldurma sürətini təmin edir. Ucuz saxta məhsullarda isə bu komponent adətən olmur. Nəticədə enerji ötürülməsi qeyri-bərabər və ya uyğun olmayan gücdə həyata keçirilə bilər.

Mümkün fəsadlar

Keyfiyyətsiz USB kabelindən istifadənin nəticələri müxtəlif ola bilər.

Ən yüngül halda smartfon nəzərəçarpacaq dərəcədə daha yavaş enerji yığacaq. Daha ciddi hallarda isə aşağıdakı problemlər yarana bilər:

* cihazın həddindən artıq qızması; * batareyanın daha sürətlə köhnəlməsi; * enerji doldurma portunun zədələnməsi; * smartfonu sıradan çıxara biləcək qısaqapanma.

Bundan əlavə, keyfiyyətsiz USB kabeli vasitəsilə faylların ötürülməsi zamanı məlumatların zədələnməsi riski də artır.

Keyfiyyətli USB kabelini necə seçmək olar?

Mütəxəssislər bildirirlər ki, bəzi istehsalçılar artıq sertifikatları və uyğunluq nişanlarını da saxtalaşdırdıqları üçün etibarlı kabeli müəyyənləşdirmək əvvəlkindən daha çətinləşib.

Onlar aşağıdakı tövsiyələrə əməl etməyi məsləhət görürlər:

* “USB-IF” sertifikatına malik kabelləri seçin və zərurət olduqda sertifikatı təşkilatın rəsmi reyestrində yoxlayın; * qablaşdırmadakı yazı səhvlərinə, bulanıq loqolara və seriya nömrəsinin olmamasına diqqət yetirin; * termoplastik elastomer (TPE) və ya neylon örtüklü möhkəm modellərə üstünlük verin; * kabelin kifayət qədər qalın olmasına və konnektorunun smartfonun portuna möhkəm oturmasına diqqət edin.

Onlayn ticarət platformalarından, o cümlədən “AliExpress”dən alış zamanı istifadəçi rəylərini də nəzərdən keçirmək tövsiyə olunur. Mütəxəssislər ən azı 5 ulduzdan 4 reytinqə və çoxsaylı rəylərə malik məhsullara üstünlük verilməsini məsləhət görürlər.

Onların fikrincə, bir neçə dollara qənaət etmək sonradan smartfonun bahalı təmiri ilə nəticələnə bilər.

Jalə

D
demokrat.az