Yeni mövsümün maraqla gözlənilən "Güneşin Doğduğu Yer" serialı ilə bağlı yeni təfərrüatlar açıqlanıb.
Demokrat.az xəbər verir ki, Burak Özçivitin baş rolda çəkiləcəyi layihədə onun tərəf müqabili aktrisa Beyza Gümülcine olacaq.
Məlumata görə, Beyza Gümülcine Leyla obrazı uğrunda keçirilən sınaq çəkilişində daha üç namizədlə birlikdə iştirak edib. Aktrisa Burak Özçivitlə bir səhnəni canlandırdıqdan sonra performansı ilə seçilərək baş qadın roluna təsdiqlənib.
Qeyd olunur ki, serialda əvvəlcə Tina adı ilə nəzərdə tutulan obrazın adı sonradan Leyla olaraq dəyişdirilib.
Türkiyəli jurnalist Birsen Altuntaşın yaydığı məlumata əsasən, Beyza Gümülcine bu rolu qazandıqdan sonra hazırda çəkildiyi "Yeraltı" serialından ayrılmaq üçün istehsal heyətindən icazə istəyib. Aktrisa həmin layihədə Hande obrazını canlandırırdı.
Xatırladaq ki, "Güneşin Doğduğu Yer" yeni televiziya mövsümünün ən iddialı layihələrindən biri hesab olunur. Serialda Burak Özçivit Kenan Kozan obrazını canlandıracaq.

Leyla Demokrat.az


