Siyasət Özəl

ABŞ-dən geri addım — Regionda hərbi plan dəyişdi

ABŞ-dən geri addım — Regionda hərbi plan dəyişdi

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı problemi yalnız hərbi üsullarla aradan qaldırmaq mümkün deyil. ABŞ rəsmisi əlavə edib ki, hərbi əməliyyatlar müəyyən nəticələr versə də, problemin köklü həlli üçün dialoq vacibdir.

Vensin Hörmüz boğazı ilə bağlı açıqlaması Vaşinqtonun region siyasətində hansı dəyişikliklərin anonsu kimi qiymətləndirilə bilər?

Siyasi şərhçi Ülviyyə Zülfiqar Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Hörmüz boğazı ilə bağlı açıqlaması rəsmi Vaşinqtonun Yaxın Şərq siyasətində müəyyən yanaşma dəyişikliyinə işarə kimi qiymətləndirilə bilər:

ABŞ-dən geri addım — Regionda hərbi plan dəyişdi

“Burada diqqət çəkən məqam ondan ibarətdir ki, ABŞ hərbi gücün əhəmiyyətini inkar etmir, lakin etiraf edir ki, regionda uzunmüddətli sabitlik təkcə hərbi əməliyyatlarla təmin oluna bilməz. Bu, Vaşinqtonun diplomatik alətlərə və siyasi dialoqa əvvəlki dövrlərlə müqayisədə daha çox önəm vermək istədiyini göstərir. Əslində, Hörmüz boğazı təkcə regional deyil, qlobal iqtisadiyyat üçün də strateji əhəmiyyət daşıyır”.

Ülviyyə Zülfiqar əlavə edib ki, burada yaranan hər hansı gərginlik neft qiymətlərindən tutmuş beynəlxalq ticarət marşrutlarınadək geniş təsirlər yaradır:

“Buna görə də ABŞ üçün əsas məqsəd sadəcə təhlükəsizlik risklərini aradan qaldırmaq deyil, həm də yeni hərbi qarşıdurmanın qarşısını almaqdır. Vensin dialoqa verdiyi önəm də məhz bu yanaşmanın tərkib hissəsi kimi görünür. ABŞ həm çəkindirici hərbi potensialını saxlayır, həm də böhranların diplomatik yollarla idarə olunmasına üstünlük verir. Bu baxımdan, Cey Di Vensin bəyanatı ABŞ-nin region siyasətində sərt güc və diplomatiyanın bir-birini tamamlayan alətlər kimi istifadə olunacağını göstərən mesaj kimi qiymətləndirilə bilər”.

Fidan Hacızadə

D
demokrat.az