Dünya Özəl

Türkiyədə "AHBAP" istintaqı: Oğuzhan Uğur saxlanıldı

Türkiyədə AHBAP istintaqı: Oğuzhan Uğur saxlanıldı

Türkiyədə 6 fevral zəlzələlərindən sonra toplanan yardımlarla bağlı aparılan istintaq çərçivəsində "AHBAP" Dərnəyi ilə əlaqədar növbəti əməliyyat keçirilib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaqın üçüncü mərhələsində "Babala TV" "YouTube" kanalının təsisçisi Oğuzhan Uğur da daxil olmaqla 7 nəfər saxlanılıb.

Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları Oğuzhan Uğurun evində axtarış aparıblar.

Türkiyə mediasının yazdığına görə, Maliyyə Cinayətlərini Araşdırma Qurumunun (MASAK) hazırladığı hesabatlar, bank əməliyyatları və istintaq materialları əsasında şübhəlilər barəsində cinayət təşkilatı yaratmaq, dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələri üzrə araşdırma aparılır. Bu ittihamlar hazırda istintaqın predmetidir və məhkəmə tərəfindən təsdiqlənməyib.

İstintaq materiallarında yardım vəsaitlərinin xərclənməsi və maliyyə əməliyyatları ilə bağlı müxtəlif iddiaların araşdırıldığı bildirilir.

Qeyd edək ki, iyulun 12-də keçirilən ilk əməliyyat zamanı "AHBAP" Dərnəyinin rəhbəri, müğənni Haluk Levent də daxil olmaqla bir qrup şəxs saxlanılmışdı. Türkiyə mediasının məlumatına görə, istintaq çərçivəsində bir sıra şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, digərləri isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Xatırladaq ki, Haluk Leventin saxlanılmasından sonra Oğuzhan Uğur sosial şəbəkə hesabında belə yazmışdı:

"Öz adıma çıxarmalı olduğum dərsləri aldım. Bundan sonra belə böhranlı proseslərdə dövlətin rəsmi qurumlarından kənar hərəkət etməməyin nə dərəcədə vacib olduğunu görmüş olduq."

İstintaq tədbirləri davam edir.

Jalə

D
demokrat.az