Kriminal Özəl

Toyda içib dava saldılar — Məndən niyə şikayət etmişdin?

Toyda içib dava saldılar — Məndən niyə şikayət etmişdin?

Lerik rayonunda qohumlar arasında dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Vılık kəndində baş verib. 1988-ci il təvəllüdlü Yusif Astara şəhərində keçirilən toy mərasimindən yüngül sərxoş vəziyyətdə çıxıb və Vılık kəndində yerləşən evinə qayıdıb.

Daha sonra Yusif yaşadığı evdən həyətə çıxaraq bir qədər irəlilədikdən sonra həmin kənd ərazisində yerləşən B.Dövlətov adına orta məktəbin həyətində həmkəndlisi, həmçinin qohumu Bəşiri görüb, onlar salamlaşıblar.

Bundan sonra Bəşir ondan Lerik rayon təhsil sektoruna barəsində şikayət etməsini güman edib və bu məsələni həmin vaxt soruşub. Yusif isə şikayət etmədiyini bildirib.

Buna baxmayaraq, Bəşir qohumuna inanmayıb, onun atası və bacısının ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib. Bunun üçün aralarında münaqişə yaranıb.

Münaqişə zamanı Yusif əsəbiləşərək Bəşirin baş və bədəninin digər nahiyələrinə qəsdən əvvəlcə yumruqla, sonra isə məktəbin həyətində yanğın söndürmək üçün nəzərdə tutulmuş beli götürərək, həmin bel ilə müxtəlif nahiyələrinə bir neçə dəfə vurub.

Faktla bağlı Yusifin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Yusif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Bəşir onun həm dayısı oğlu, həm də qaynıdır:

“Hadisə günü toyda olarkən hava almaq üçün həyətə çıxdım. Bəşir məni çağıraraq iş üçün nəyə görə təhsil şöbəsinə müraciət etməyimi soruşdu, məni təhqir etdi. Bundan sonra başıma yumruq atdı, nalayiq sözlər deməyə davam etdi. Mənim şəklimi çəkərək şantaj edəcəyini dedi. Lapatka ilə onu vurmaq fikrim olmayıb. Əlindəki telefonu yerə atmaq üçün lapatkanı qaldıranda onun qulağına dəydi. Bu zaman Bəşir yerə yıxıldı”.

İş üzrə zərərçəkmiş Bəşirin sözlərinə görə, orta məktəbdə gözətçi işləyir:

“Hadisə günü gecə saat 12-də iş yerində olarkən Yusif yanıma gələrək məni təhqir etdi. Bu zaman mübahisələrimiz düşdü və lapatka ilə məni başımdan vurdu. Yusif əvvəl məktəbdə işləyib. Onunla aramızda əvvəllər də mübahisələrimiz olub. Yusif əvvəl işlədiyi işinə qayıtmaq istədiyi üçün bununla bağlı söhbətlərimiz olub. Yusif də həmin məktəbdə gözətçi işləyib. Birinci zərbədən sonra özümdən getdim. Hər yerim göyərdi. 18 gün reanimasiya şöbəsində yatdım”.

Zərərçəkmiş şəxs deyib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayət və tələbi yoxdur.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yusif 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

D
demokrat.az