Maraqlı Özəl

Mətbəx masasından çay və qəhvə ləkələrini necə təmizləmək olar?

Mətbəx masasından çay və qəhvə ləkələrini necə təmizləmək olar?

Çay və qəhvə tərkibindəki taninlərə görə dişlərdə, geyimlərdə və mətbəx səthlərində qalıcı ləkələr yarada bilir.

Demokrat.az xəbər verir ki, "The Spruce" nəşrinin yazdığına görə, bu ləkələr ən çətin təmizlənən ləkələrdən biri hesab olunsa da, vaxtında müdaxilə və uyğun təmizləmə üsulu ilə onları aradan qaldırmaq mümkündür.

Amerika Təmizlik İnstitutunun vitse-prezidentinin müavini və təmizlik üzrə mütəxəssis Cessika Ekin sözlərinə görə, bütün növ səthlər üçün əsas qayda eynidir.

"Dağılmış çay və ya qəhvəni piqmentlər səthə hopmadan dərhal təmizləyin", deyə o bildirib.

Təbii və kompozit daş səthlər

Mərmər, qranit, kvars əsaslı kompozit və digər daş materiallardan hazırlanmış səthlərdə ləkə yarandıqda, əvvəlcə mayeni mikrofiber salfetlə qurulamaq lazımdır. Daha sonra daş səthlər üçün nəzərdə tutulmuş neytral pH-li təmizləyici vasitədən və ya ilıq su ilə az miqdarda qabyuyan maye qarışığından istifadə etmək tövsiyə olunur.

Mütəxəssisin sözlərinə görə, mərmər və bəzi digər təbii daşlar çox məsaməli olduğundan belə səthlərdə vaxtında təmizləmə xüsusilə vacibdir. Kvars əsaslı kompozit səthlər isə ləkələrin təmizlənməsi üçün bir qədər daha çox vaxt imkanı verir.

Nəşr qeyd edir ki, bəzi insanlar çörək sodasından hazırlanmış pastanı tövsiyə etsələr də, bu vasitə daş səthlərin rənginin dəyişməsinə və ya zədələnməsinə səbəb ola bilər. Belə üsuldan yalnız son çarə kimi və əvvəlcə görünməyən kiçik bir sahədə sınaqdan keçirdikdən sonra istifadə etmək məsləhətdir.

Laminat səthlər

Laminat bir neçə qatdan ibarət materialdır və nəmə qarşı həssasdır. Buna görə də tökülən maye dərhal silinməli, səth təmizləndikdən sonra tam qurudulmalıdır.

Mütəxəssislər laminat üçün uyğun olan aşındırıcı olmayan universal təmizləyici vasitələrdən və ya ilıq su ilə qabyuyan maye qarışığından istifadə etməyi, daha sonra isə səthi yumşaq mikrofiber salfetlə qurutmağı tövsiyə edirlər.

Taxta səthlər

Taxta səthlərin təmizlənməsi üçün də ilıq su və qabyuyan maye qarışığı uyğundur. Bununla yanaşı, taxta səthlər üçün xüsusi hazırlanmış təmizləyici vasitələrdən istifadə etmək də mümkündür. Təmizləmədən sonra səthin quru parça ilə silinməsi və üzərində nəmin qalmaması tövsiyə olunur.

Jalə

D
demokrat.az