Bəzi pensiyaçılar əmək fəaliyyətini rəsmi deyil, qeyri-rəsmi şəkildə davam etdirirlər və onların adına sosial sığorta haqları ödənilmir. Bu vəziyyət gələcəkdə pensiyanın yenidən hesablanmasına və pensiya hüquqlarına necə təsir göstərir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, pensiya alan şəxs qeyri-rəsmi işləyirsə, onun adına sosial sığorta haqqı ödənilmir:
“Bu o deməkdir ki, həmin iş dövrü gələcəkdə pensiyasının yenidən hesablanmasına və ya pensiya kapitalının artırılmasına təsir göstərməyəcək. Əgər sosial sığorta ödənişləri həyata keçirilmirsə, pensiya kapitalı necə arta bilər? Pensiya kapitalı artmırsa, pensiyanın da artması mümkün deyil.
Amma məsələyə fərqli prizmadan baxsaq, maraqlı bir məqam ortaya çıxır. Əgər qeyri-rəsmi işləməklə əldə olunan əlavə gəlir ödənilməli olan sosial sığorta haqlarından yüksəkdirsə, bəzi şəxslər qısamüddətli maliyyə baxımından bunu daha sərfəli hesab edə bilərlər”.
Onun sözlərinə görə, bəzi insanlar düşünürlər ki, qeyri-rəsmi işlədikləri halda sosial sığorta haqqı ödəmədən həmin vəsaiti özlərində saxlamaları onlar üçün daha sərfəlidir:
“Ancaq nəzərə almaq lazımdır ki, sosial sığorta haqqını təkcə işçi deyil, işəgötürən də ödəyir. Bütün hallarda hesab edirəm ki, uzunmüddətli perspektivdə rəsmi məşğulluq daha təhlükəsiz seçimdir.
Hər kəsə tövsiyəm budur ki, rəsmi məşğulluğa üstünlük versin. Bu halda həm pensiya kapitalı artır, həm də əmək və sosial sığorta hüquqları qorunur”.
“İnsan gələcəkdə pensiyasını alıb-almayacağını və ya ömrünün buna yetib-yetməyəcəyini əvvəlcədən bilməsə də, fakt budur ki, rəsmi məşğulluq onun həm sosial sığorta, həm də əmək hüquqlarının qorunmasını təmin edir” , – deyə Eldəniz Əmirov fikrini yekunlaşdırıb.


