Sosial Özəl

Ət ucuzlaşmayacaq, amma... — Ekspertdən proqnoz

Ət ucuzlaşmayacaq, amma... — Ekspertdən proqnoz

Son statistikaya əsasən, Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub. Bu, ölkəmizdə diri qoyun idxalının həcminin artdığını və daxili bazarın müəyyən hissəsinin xarici tədarük hesabına təmin olunduğunu göstərir.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında maliyyə, investisiya və kənd təsərrüfatı sahələri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, Azərbaycanda son illərdə Gürcüstan başda olmaqla bir neçə ölkədən mütəmadi olaraq xırdabuynuzlu heyvan idxal edilir:

“Bu, yeni başlayan idxal deyil, uzun illərdir davam edən bir prosesdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan istehlakçıları daha çox yerli heyvanların ətinə üstünlük verirlər. Buna görə də yerli istehsal bazarda üstün mövqeyini qoruyur. İdxal olunan heyvanların əti isə bazarda əsasən əlavə tələbatın ödənilməsinə xidmət edir. Bu səbəbdən idxalın həcminin müəyyən qədər artmasının qiymətlərə ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki son illərdə ətin qiyməti mütəmadi olaraq artıb.

Hazırda qiymətlərdə müəyyən sabitləşmə müşahidə olunur. Qiymətlər artıq kifayət qədər yüksəlib. Buna görə də idxalın davam etməsindən asılı olmayaraq, yaxın dövrdə qiymətlərin əhəmiyyətli dərəcədə artacağı gözlənilmir. Eyni zamanda, qiymətlərin aşağı düşəcəyi də real görünmür. Mövcud qiymət səviyyəsinin və tendensiyanın davam edəcəyi ehtimal olunur”, – deyə ekspert fikrini tamamlayıb.

Beləliklə, Gürcüstandan diri qoyun idxalının artması daxili bazarda ətin qiymətini ucuzlaşdırmayacaq, lakin yaxın gələcəkdə yeni bahalaşmanın da qarşısını alacaq.

Nuray Paşşanlı

D
demokrat.az