Siyasət Özəl

"Trampa böyük effekt lazımdır və bunu siyasətdə də yaratmağa çalışır"

Trampa böyük effekt lazımdır və bunu siyasətdə də yaratmağa çalışır

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlara qayıtmayacağı təqdirdə Vaşinqtonun hərbi əməliyyatları davam etdirəcəyini bildirib. ABŞ liderinin sözlərinə görə, Tehran danışıqlar masasına qayıtmasa, Amerika hərbçiləri yaxın günlərdə və gələn həftə də İrana qarşı zərbələr endirməyə davam edəcəklər.

Bəs ABŞ-nin hərbi təzyiq strategiyası İranı güzəştə məcbur edə bilərmi, yoxsa əks nəticə verə bilər?

Politoloq Tofiq Abbasov bu barədə Demokrat.az-a danışıb.

Onun sözlərinə görə, ABŞ-İran qarşıdurmasında artıq xeyli vaxtdır ki, gərginlik davam edir:

“Ötən ilin iyun ayında baş vermiş 12 günlük müharibədən sonra tərəflər arasında təkcə hərbi deyil, həm də ciddi söz savaşı gedir. Onlar bir-birlərini təhqir edir, təhdid edir, təzyiq göstərir, xəbərdarlıqlar və sərt bəyanatlar səsləndirirlər. Bu da təbiidir, çünki iki ölkə arasında münasibətlər, demək olar ki, yoxdur və onlar uzun illərdir düşmən münasibətlərindədirlər. Bəziləri bu qarşıdurmanın 2025-ci ilin iyununda başladığını, bəziləri isə 1979-cu ildə İranda şah rejiminin devrilməsi ilə başlandığını deyir. Amma mən hesab edirəm ki, prosesin kökləri 1950-ci illərin əvvəllərinə gedib çıxır. İkinci dünya müharibəsindən sonra ABŞ Yaxın Şərqdə fəal şəkildə mövqe tutmağa başladı. O vaxta qədər İranda əsas söz sahibi Böyük Britaniya idi. Hətta “BP” şirkəti də məhz İranda formalaşıb. ABŞ isə yeni qlobal hegemon kimi anlayırdı ki, Yaxın Şərq və Şimali Afrika onun təsir dairəsinə keçməlidir. Çünki burada zəngin təbii ehtiyatlar, strateji nəqliyyat marşrutları və mühüm geosiyasi mövqe var. İran demokratiyasına ən böyük zərbə isə 1953-cü ildə vuruldu. Prezident Franklin Ruzveltin qardaşı oğlu Kermit Ruzvelt Mərkəzi Kəşfiyyat İdarəsinin İrandakı əməliyyatlarına rəhbərlik edirdi. Həmin dövrdə şah əvvəlcə İraqa, daha sonra İtaliyaya göndərildi, xalqın seçdiyi Baş nazir Məhəmməd Müsəddiq isə neftin milliləşdirilməsi təşəbbüsünə görə hakimiyyətdən devrildi və ev dustaqlığına məhkum edildi. Bundan sonra ABŞ faktiki olaraq İranda əsas təsir rıçaqlarını ələ keçirdi. Lakin İran cəmiyyəti bu müdaxiləni heç vaxt qəbul etmədi. Şahın ətrafındakı kiçik zümrə istisna olmaqla, əhalinin böyük hissəsi ABŞ-nin neoimperialist və neomüstəmləkəçi siyasətini rədd etdi. İnsanlar hesab edirdilər ki, ölkənin sərvətlərinin milliləşdirilməsini istəyən bir liderin bu şəkildə devrilməsi bağışlanacaq hadisə deyil. Məhz buna görə də bu gün yaşanan qarşıdurmanın kökləri 70-80 il əvvələ gedib çıxır və ABŞ hələ də İran cəmiyyətində qəbul olunan gücə çevrilə bilmir. Üstəlik, İranın siyasi elitaları arasında da Amerikapərəst qüvvələr demək olar ki, yoxdur. Bəli, vətəndaş cəmiyyətində ABŞ ilə münasibətlərin normallaşmasını istəyən liberallar, texnokratlar var. Amma onların mövqeyi həlledici deyil”.

Politoloq hazırda ABŞ-nin faktiki olaraq İrana qarşı latent (gizli) müharibə apardığını bildirib:

“Bu, ötən ilin iyununda başlayan prosesin davamıdır. Donald Tramp son bir ildə ardıcıl şəkildə sərt bəyanatlar verir, hədələr səsləndirir, gün ərzində bir neçə dəfə fərqli mövqe nümayiş etdirir, sonra isə öz sözlərini təkzib edir. “Dağıdacağıq”, “daş dövrünə qaytaracağıq” kimi ifadələr işlədilir. Məncə, dövlət başçısı üçün bu cür ritorika yolverilməzdir. Çünki Corc Buş, Corc Buş (kiçik), Cimmi Karter, Barak Obama və Cozef Bayden belə üslubdan istifadə etməyiblər. Bəziləri Trampı sistemdənkənar siyasətçi, bəziləri isə biznesmen adlandırır. O, daha çox şoumendir. ABŞ-də məşhur olan “SmackDown” şousunda da iştirak edib və daim diqqət mərkəzində olmağa çalışıb. Ona böyük effekt lazımdır və bu effekti siyasətdə də yaratmağa çalışır. Bununla yanaşı, maddi qazanc əldə etmək istədiyi də iddia olunur. Deyilənlərə görə, son bir ildə ailəsinin milyardlarla dollar gəlir əldə etdiyi bildirilir. Sosial şəbəkələrdə paylaşdığı bəyanatlar da bu prosesin bir hissəsi kimi qiymətləndirilir. Bu proses necə başa çatacaq? Mən hesab edirəm ki, indiyədək gördüyümüz zərbələr və lokal toqquşmalar hələ kulminasiya nöqtəsi deyil. Əsas mərhələ qarşıdadır. İlin sonuna qədər ABŞ tərəfindən İrana qarşı daha ciddi hərbi əməliyyat baş verə bilər. Çünki ABŞ mövcud vəziyyətdə özünü qalib kimi göstərə bilmir. Digər tərəfdən, Trampın həm Konqresdə, həm də Senatda ciddi əleyhdarları var və impiçment məsələsi artıq zarafat mövzusu deyil. Buna görə də o, seçki prosesini başa vurduqdan sonra daha sərt addımlar ata bilər. Hazırda isə hazırlıq mərhələsi gedir. ABŞ-nin hərbi strukturları və Pentaqon İranın zəif nöqtələrini araşdırır. İsrail bu prosesdə Vaşinqtona dəstək verir. İran daxilində fəaliyyət göstərən agentura şəbəkələri və müxtəlif mənbələr vasitəsilə məlumatlar toplanır ki, gələcək mümkün əməliyyatda daha güclü zərbə endirilsin və ABŞ prosesi qalib kimi başa vura bilsin”.

Tofiq Abbasov əlavə edib ki, İran isə bu memoranduma və verilən vədlərə inanmır:

“Bütün bunlar tələnin bir hissəsidir. ABŞ isə istənilən fürsətdən istifadə edərək təşəbbüsü ələ keçirməyə çalışır. Bunun alınıb-alınmayacağı başqa məsələdir. Amma İran ABŞ üçün olduqca mürəkkəb rəqibdir və bu məsələni asan hərbi əməliyyatla həll etmək mümkün deyil. ABŞ indiyədək buna nail ola bilməyib. İran uzun illərdir belə ssenariyə hazırlaşır. Fars körfəzində, sahilboyu ərazilərdə həyata keçirilən hazırlıqlar, ballistik raket sistemləri və digər hərbi imkanlar bunu göstərir. Elə buna görə də vaxtilə Donald Trampın Benyamin Netanyahuya narazılıq etdiyi, “məni aldatmısan” dediyi iddia olunurdu. Netanyahu ilə keçmiş Mossad rəhbərliyi arasında da bu məsələ ilə bağlı fikir ayrılığı yarandı. Onlar hesab edirdilər ki, İrana daxil olub hakimiyyəti qısa müddətdə dəyişə biləcəklər. Lakin hadisələr gözlənildiyi kimi inkişaf etmədi. Bu gün tərəflər bir-birini eşitsələr də, qəbul etmirlər və hər iki tərəf hazırlıqlarını davam etdirir. İran hesab edir ki, ABŞ-yə etibar etmək olmaz. Çünki onların fikrincə, danışıqlar getdiyi dövrdə iki dəfə hücum həyata keçirilib. Buna görə də İran cəmiyyətində müxtəlif səviyyələrdə qisas çağırışları səsləndirilir. Hazırda vəziyyət müəyyən mənada pat vəziyyətini xatırladır. Əgər diplomatiya realist addımlar ata bilsə, bəlkə də danışıqlar bərpa olunar. Hazırda İran əsasən Pakistan və Qətərlə təmas saxlayır. Türkiyənin vasitəçiliyinə isə isti yanaşmır. Pakistan və Qətər isə çalışırlar ki, Vaşinqtonla Tehran arasında əlaqə kanalları tam qırılmasın və gələcəkdə münasibətlərin yumşalması üçün imkan yaransın”.

Fidan Hacızadə

D
demokrat.az