Yas mərasimlərində illərdir davam edən bəzi adətlər cəmiyyətdə fərqli münasibətlə qarşılanır. Bu adətlərdən biri də mərasim zamanı "filankəsin ölənlərinə bir salavat" deyildikdən sonra bəzi şəxslərin bunun qarşılığında pul verməsidir. Kimiləri bunu ənənənin bir hissəsi hesab etsə də, digərləri dini ibadətin maddi ödənişlə əlaqələndirilməsinin doğru olmadığını düşünür. Bəs bu ənənənin dini əsası varmı?
İlahiyyatçı, hacı Mircəfər Əyyubov Demokrat.az-a açıqlamasında deyib ki, yas məclislərində pulla salavat dedirtmək məsələsi qadın məclislərində müşahidə olunur:

“Bu daha çox dindar xanımlar arasında formalaşmış adətdir. Hər hansı adət zaman keçdikcə ənənəyə çevriləndən sonra onu dəyişmək asan olmur. Bu gün belə bir mərasimdə ruhani qadın bunu etməsə, məclisdə iştirak edənlər təəccüblənə və narahat ola bilərlər. Mən bunun doğru olduğunu demirəm və ya buna haqq qazandırmıram, sadəcə mövcud reallığı ifadə edirəm. Dini ibadətin maddi ödənişlə əlaqələndirilməsi barədə deyilənlər isə məncə doğru yanaşma deyil. Çünki ruhanilər yas məclislərinə sadəcə ibadət etmək üçün getmirlər. Əgər məqsəd yalnız ibadət olsaydı, bunu məsciddə və ya evində də edə bilərdilər. Yas sahibi onları xüsusi olaraq öz evinə, qurduğu çadıra və ya mərasim zalına dəvət edir ki, mərhumun ruhuna Quran oxusun, dini söhbət aparsın, mərasimi idarə etsin. Bunun qarşılığında da müəyyən ödəniş edir. Əks halda belə çıxır ki, yas mərasimlərini aparan ruhanilər heç bir gəlir əldə etməməli, yalnız bu işlə məşğul olub çox aşağı həyat şəraitində yaşamalıdırlar. Bu isə məntiqli yanaşma deyil. Burada söhbət ibadətin satılmasından yox, göstərilən xidmətin qarşılığında verilən ödənişdən gedir”.
O bildirib ki, qadın məclislərində tətbiq olunan həmin adətlər heç bir dini qurum tərəfindən müəyyənləşdirilməyib və dini hökm kimi də qəbul olunmur:
“Bunun dini əsası yoxdur, amma din tərəfindən qadağan da edilmir. Əgər ruhani kişi və qadınların fəaliyyəti dövlət və ya başqa bir rəsmi qurum tərəfindən maliyyələşdirilsə, onların dolanışığı başqa yolla təmin olunsa, o zaman yas məclislərindən ödəniş almalarını tənqid etmək müəyyən mənada əsaslı ola bilərdi. Mən dövlət qurumu deyiləm və hansısa ənənəni qadağan etmək və ya təsdiqləmək səlahiyyətim yoxdur. Yalnız dini baxımdan münasibət bildirə bilərəm. Dini baxımdan belə bir tələb və ya şərt mövcud deyil. Eyni zamanda, xalq arasında formalaşmış bir ənənəni də dini baxımdan haram adlandırmaq səlahiyyətimiz yoxdur. Bu, cəmiyyətin uzun illər ərzində formalaşdırdığı bir ənənədir və istəsək də, istəməsək də bu günə qədər davam edir”.


