Düzgün qulluq edildikdə dəsmallar iki ilə qədər yumşaqlığını və tüklü quruluşunu qoruya bilər.
Demokrat.az "Real Simple" nəşrinə istinadən xəbər verir ki, bir neçə sadə qaydaya əməl etməklə onların həm rəngini, həm də keyfiyyətini uzun müddət saxlamaq mümkündür.
"Weezie" brendinin həmtəsisçisi Lindsi Consonun sözlərinə görə, adi ailə istifadəsində dəsmalların istifadə müddəti təxminən iki ildir. Onlar yalnız dekorativ məqsədlə istifadə edildikdə daha uzunömürlü ola bilər.
Əgər dəsmallar qısa müddətdə rəngini itirir və sərtləşirsə, bunun səbəbi əksər hallarda onların düzgün yuyulmamasıdır.
Dəsmallar necə yuyulmalıdır?
Mütəxəssislər dəsmalların hər 3–5 istifadədən sonra yuyulmasını tövsiyə edirlər. Onları aşağı temperaturda və ya soyuq suda yumaq daha məqsədəuyğundur. Çünki isti su pambıq liflərinin yığılmasına səbəb olur və nəticədə dəsmallar sərtləşir.
Bununla belə, dezinfeksiya məqsədilə onları vaxtaşırı isti suda yumaq mümkündür. Tək-tük belə yuma dəsmalların keyfiyyətinə ciddi təsir göstərmir.
Dəsmallar digər geyimlərdən və yataq dəstlərindən ayrı yuyulmalıdır. Onlarla birlikdə futbolka kimi yumşaq geyimlərin yuyulması problem yaratmasa da, üzərində fermuar və ya digər metal hissələr olan geyimləri eyni yuma proqramına əlavə etmək tövsiyə edilmir.
Həmçinin paltaryuyan maşının barabanı həddindən artıq doldurulmamalıdır. Dəsmalların sərbəst hərəkət etməsi üçün barabanın ən çox dörddə üç hissəsi doldurulmalıdır.
Yuyucu vasitədən nə qədər istifadə edilməlidir?
“Shantaeize Your Space” şirkətinin təsisçisi və məkan təşkilatçısı Şante Dakvortun sözlərinə görə, yuyucu vasitədən normadan artıq istifadə dəsmalları daha təmiz etmir. Əksinə, onların sərtləşməsinə və kobudlaşmasına səbəb ola bilər.
Mütəxəssis bir yuma üçün iki xörək qaşığından artıq yuyucu toz və ya gel istifadə etməməyi, eyni zamanda parçalara zərif təsir göstərən keyfiyyətli məhsullara üstünlük verməyi tövsiyə edir.
Enzim tərkibli yuyucu vasitələrin üstünlükləri
Son dövrlərdə enzim əsaslı yuyucu toz və gellər daha geniş yayılıb. Bu məhsulların tərkibində yağ və çirk hissəciklərini parçalayan, suda həll olunan fermentlər mövcuddur. Məsələn, lipaza fermenti paltar və tekstil məmulatlarındakı yağ ləkələrinin təmizlənməsində xüsusilə effektiv hesab olunur.


