Prezident İlham Əliyevin son çıxışında səsləndirdiyi "Daha yumruq dövrü olmayacaq. Ancaq əgər kimsə bizə qarşı yenidən təxribat törətmək və ya Azərbaycana xor baxmaq istəsə, "Dəmir yumruq" yerindədir" fikri ölkənin təhlükəsizlik siyasəti və regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda diqqət çəkən mesajlardan biri kimi qiymətləndirilir. Bəyanat Azərbaycanın sülh və əməkdaşlıq kursunu davam etdirmək niyyətini ifadə etməklə yanaşı, milli təhlükəsizliyə və suverenliyə yönələcək istənilən təhdidə qarşı qətiyyətli mövqeyinin dəyişmədiyini göstərir.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan hər zaman sülh və əməkdaşlıq tərəfdarı olub.
"Azərbaycanın təşəbbüsü ilə regionda çox mühüm və bütövlükdə dünya üçün strateji əhəmiyyət kəsb edən layihələr həyata keçirilib və keçirilməkdədir. Bu, özlüyündə geniş əməkdaşlıq və dialoq imkanları formalaşdırır. Ölkə Prezidenti hər zaman gücün labüdlüyünü vurğulayıb. O, dəfələrlə təəssüflə qeyd edib ki, dünyada hüququn gücü deyil, gücün hüququ işləyir. Ona görə də güclü olmaq lazımdır.
Azərbaycanın strateji yanaşması və ölkə Prezidentinin müdrik baxışları ondan ibarətdir ki, diplomatiyanın arxasında real hərbi güc dayanmalıdır. Çünki müasir dünyanın reallıqları göstərir ki, yalnız güclü olan tərəflər öz milli maraqlarını və haqlı mövqelərini etibarlı şəkildə qoruya bilirlər. Biz bu gün kifayət qədər ciddi gücə sahibik. Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdi. 2023-cü ildə isə lokal antiterror əməliyyatı nəticəsində bütün ərazilərimizdə suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdik. Azərbaycan bununla dünyaya nümayiş etdirdi ki, o, hər zaman sözün əsl mənasında sülhün və dialoqun tərəfdarı olub. Buna görə də uzun müddət səbirlə danışıqlara və dinc vasitələrə üstünlük verdi. Lakin bu, nəticə verməyəndə biz hərbi yolla torpaqlarımızı işğaldan azad etdik".
Politoloqun sözlərinə görə, bu gün bütün dünya artıq aydın şəkildə görür ki, Azərbaycan kifayət qədər ciddi hərbi gücə və özünü müdafiə potensialına malikdir.
"Sözsüz ki, bundan sonra da ciddi hərbi gücə sahib olmaq üçün addımlarımızı davam etdirəcəyik. Hər il dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması da bunun göstəricisidir. Davamlı olaraq güclü olmalıyıq ki, bir daha Azərbaycana qarşı ərazi iddiaları irəli sürülməsin, milli maraqlarımıza qarşı çıxılmasın. Bütün dünya Azərbaycanın real hərbi gücünü gördü. Bundan sonra da milli maraqlarımız çərçivəsində bütün dünya ilə konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi yolunu tutmuşuq. Əslində, bu siyasət hər zaman mövcud olub. Sadəcə, ərazi bütövlüyümüzün pozulması milli və dövlət təhlükəsizliyimiz üçün davamlı təhdid yaradırdı. Biz bu təhdidi aradan qaldırdıq və ərazi bütövlüyümüzü təmin etdik. Artıq beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində yeni bir obrazla iştirak edirik. Dünyanın müxtəlif coğrafiyalarında əməkdaşlığımızın inkişaf etdirilməsində və genişləndirilməsində maraqlıyıq. Xüsusilə son illərdə Azərbaycanın müxtəlif ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduğunu görürük. Bu da bir daha göstərir ki, biz əməkdaşlığa və dialoqa üstünlük veririk, eyni zamanda yeni əməkdaşlıq platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edirik. Bu təşəbbüslər hər zaman beynəlxalq dəstək alır. Azərbaycanın bu mövqeyi dünya tərəfindən təqdir olunur".
"Biz bir tərəfdən hərbi gücümüzü artırırıq ki, bu da təhlükəsizliyimizin təmin olunmasının alternativsiz şərtidir. Digər tərəfdən isə mövcud resurs potensialımıza söykənərək iqtisadi əlaqələrimizi genişləndirir, konstruktiv dialoq platformalarının yaradılmasında yaxından iştirak edirik",- deyə Elşad Mirbəşiroğlu fikrini tamamlayıb.


