Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən NATO liderlərinin 36-cı sammiti beynəlxalq təhlükəsizliyin təmin olunması, regional əməkdaşlığın möhkəmləndirilməsi və geosiyasi proseslərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dünyada baş verən müharibələr və qarşıdurmalar NATO-nun fəaliyyətini daha da fəallaşdırmasını tələb edir. Təəssüf ki, son illərdə bunu kifayət qədər müşahidə etmirik. NATO-ya üzv dövlətlərin bəzi hallarda hadisələrə obyektiv yanaşmaması, təcavüzkar tərəfə lazımi qiymət verməməsi və təsirli tədbirlər görməməsi təşkilatın nüfuzuna müəyyən mənfi təsir göstərib.
Bunu Milli Məclisin deputat Tahir Rzayev Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, bu məsələlər sammitdə ciddi şəkildə müzakirə olunmalıdır:
“Dövlətlərin təhlükəsizliyinin təmin edilməsi, insanların müharibə və böhranlardan qorunması, sülh və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində təkcə çağırışlar səsləndirilməməli, eyni zamanda onların həyata keçirilməsi üçün konkret addımlar atılmalıdır. Bu, bəşəriyyətin gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir. NATO üzvləri hadisələrə dövlətlərin böyüklüyü və ya iqtisadi gücü prizmasından deyil, beynəlxalq hüququn norma və prinsipləri əsasında yanaşmalıdırlar. Son illərdə bu yanaşmanın tam təmin olunmaması müxtəlif regionlarda münaqişələrin dərinləşməsinə səbəb olub və bəzi hallarda NATO proseslərə kifayət qədər təsir göstərə bilməyib. Artıq dünya dövlətləri, o cümlədən NATO üzvləri bəşəriyyətin gələcəyini daha ciddi şəkildə nəzərə almağa başlayırlar. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü sülh təşəbbüsləri və dialoq çağırışları dəstəklənməlidir. Eyni zamanda, təkcə NATO üzvlərinin deyil, alyansa daxil olmayan, sülhü, əməkdaşlığı və sabitliyi təşviq edən bütün dövlətlərin təşəbbüslərinə də dəyər verilməli və onlar dəstəklənməlidir”.
O əlavə edib ki, bu kontekstdə Azərbaycan Prezidentinin beynəlxalq müstəvidə irəli sürdüyü sülh, humanizm və əməkdaşlıq təşəbbüsləri də diqqət mərkəzində saxlanılmalıdır:
“Belə çağırışların bəşəriyyətin gələcəyi naminə nəzərə alınması, bu istiqamətdə fikir və təşəbbüslərin həyata keçirilməsi üçün dövlət rəhbərlərinə lazımi imkanların yaradılması vacibdir. NATO liderlərinin sammiti və burada qəbul olunacaq qərarlar dünya təhlükəsizliyi və insanların gələcəyi baxımından mühüm rol oynaya bilər. Ümid edək ki, sammitdə qəbul ediləcək qərarlar beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsinə real töhfə verəcək”.


