Maraqlı Özəl

Kabaçki dolması kələm dolmasından dadlıdır: Sobada və tavada 2 resept

Kabaçki dolması kələm dolmasından dadlıdır: Sobada və tavada 2 resept

Kabaçki hər yay süfrələrin sevimlisinə çevrilir. Ondan qızartma, soba yeməkləri, turşular, salatlar hazırlanır və çox vaxt nə bişirəcəyini bilməyən qohumlara və dostlara da verilir.

Demokrat.az xəbər verir ki, kabaçkidən sobada və ya tavada dadlı içliklə dolma hazırlamaq mümkündür.

Əgər kələm dolmasında kələmi çox sevmirsinizsə, onu asanlıqla kabaçki ilə əvəz etmək olar. Yemək doyumlu, dadlı və faydalı alınır.

Ərzaqlar:

* 3 ədəd kabaçki; * 250 qram qiymə; * 100 qram düyü; * 1 baş soğan; * 1 çay qaşığı duz; * 0,5 çay qaşığı istiot; * 2 xörək qaşığı xama; * 2 xörək qaşığı tomat pastası; * 1 çay qaşığı xmeli-suneli ədviyyatı; * 100 ml su.

Hazırlanması:

Əvvəlcə soğanı hazırlamaq lazımdır. Soğanı soyun, yuyun və xırda kub formasında doğrayın. Daha sonra qaba tökərək üzərinə qiymə, duz və istiot əlavə edin. Düyünü yuyub digər ərzaqlara qatın və hamısını yaxşıca qarışdırın.

Kabaçkini yuyun, bıçaq və ya xüsusi doğrayıcı ilə nazik dilimlərə kəsin. Üzərinə duz səpib süzgəcə qoyun. Kəsilmiş kabaçki hissələrini xırdalayıb qiyməyə əlavə edin.

Hər bir kabaçki diliminin üzərinə az miqdarda içlik qoyun, kotlet formasına salın və dilimin kənarına yerləşdirin. Daha sonra kabaçki dilimini rulet formasında bükün. Eyni prosesi bütün dilimlərlə təkrarlayın.

Ruletləri tikiş hissəsi aşağı olmaqla tavaya düzün. Sous hazırlamaq üçün tomat pastası, xama, xmeli-suneli və suyu qarışdırın. Sousu kabaçki dolmalarının üzərinə tökün.

Tavanı yüksək odda qızdırın və sousun qaynamasını gözləyin. Daha sonra odu azaldın və kabaçki dolmalarını tomat sousunda 45 dəqiqə bişirin. Sonda ocağı söndürün və yeməyi qapağın altında 10 dəqiqə saxlayın.

Sobada pendirli kabaçki dolması

Bu dadlı yeməyi sınamağa dəyər. Pendirli kabaçki dolmasını hətta bu tərəvəzi çox sevməyənlər də bəyənə bilər.

Ərzaqlar:

* 2 ədəd kabaçki; * 700 qram qiymə; * 100 qram düyü; * 1 pomidor; * 2 diş sarımsaq; * 2-3 budaq cəfəri; * istiot, duz; * 200 qram xama; * 2 xörək qaşığı tomat pastası və ya ketçup; * 100 qram bərk pendir; * 100 ml su.

Hazırlanması:

Kabaçkini yuyun, dilimlərə doğrayın, üzərinə duz səpin və yığılan mayenin çıxması üçün 15 dəqiqə saxlayın.

Bu müddətdə içliyi hazırlayın: yuyulmuş düyünü, qiyməni, xırdalanmış kabaçki hissələrini, pomidoru, doğranmış sarımsağı, xırda doğranmış cəfərini, duz və istiotu qarışdırın. Kütləni eynicinsli hala gələnədək qarışdırın.

Hər kabaçki diliminin üzərinə bir qədər içlik qoyun və rulet formasında bükün.

Bütün dilimləri eyni qaydada hazırlayın. Sobada bişirmə qabını folqa ilə örtün və dolmaları üzərinə düzün.

Sous hazırlamaq üçün xamanı tomat pastası və ədviyyatlarla qarışdırın, ruletlərin üzərinə tökün. Qiyməli kabaçki dolmalarını 180 dərəcə temperaturda sobada 30 dəqiqə bişirin.

Daha sonra kabaçkiləri sobadan çıxarın, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin və yenidən 10 dəqiqə sobaya qoyun.

Jalə Demokrat.az

D
demokrat.az