Maraqlı Özəl

100 yaşlı qadın uzunömürlülüyünün sirri hesab etdiyi 3 sadə vərdişi açıqladı

100 yaşlı qadın uzunömürlülüyünün sirri hesab etdiyi 3 sadə vərdişi açıqladı

100 yaşını qeyd edən amerikalı Enn Mari Karuzo (Ann Marie Caruso) ömrü boyu sadiq qaldığı və uzunömürlülüyünə töhfə verdiyini düşündüyü sadə prinsipləri bölüşüb.

Demokrat.az Today.com-a istinadən xəbər verir ki, qadın uzun ömrün sirrini minnətdarlıq, fiziki fəallıq və aktiv həyat tərzində görür.

Bu yaxınlarda Karuzo ABŞ-ın Nyu-York ştatındakı “Eastside Family YMCA” ailə mərkəzinə növbəti məşq üçün gəlib. Lakin burada onu gözlənilməz sürpriz – 100 illik yubileyinə həsr olunmuş tədbir qarşılayıb. Təxminən 50 qohumu, dostu və mərkəzin əməkdaşı onu təbrik etməyə gəlib.

“Çox sevindim. Bu, inanılmaz idi və heç gözləmirdim”, deyə o bildirib.

Karuzonun sözlərinə görə, bu reaksiyası onun uzun ömür sürməsinə kömək etdiyini düşündüyü əsas xüsusiyyətləri – minnətdarlıq hissini, insanlarla ünsiyyəti və fiziki fəallığı əks etdirir.

Birinci sirr: Hər günə görə minnətdar olmaq

Karuzo bildirib ki, hər yeni gün ona sevinc bəxş edir.

“Sadəcə sağ olmaq gözəldir. Oyanırsan, Günəşi və ətrafındakı hər şeyi görürsən”, deyə o bildirib.

Qadın hər axşam yatmazdan əvvəl Allaha dua etdiyini söyləyib: "Mənə bəxş etdiyi gözəl günə görə Allaha təşəkkür edirəm".

Karuzonun Polşa əsilli olduğu, Roma-Katolik ailəsində böyüdüyü və ömrü boyu dini etiqadına sadiq qaldığı qeyd olunur.

O, Nyu-York ştatının Sirakyuz şəhəri yaxınlığındakı Mattideyl qəsəbəsində yerləşən fermada böyüyüb. Karuzo ailəsinin əsasən öz yetişdirdiyi məhsullarla qidalandığını, anasının isə evdə şorbalar hazırladığını xatırlayır.

Məktəbə getməzdən əvvəl inəkləri sağır, təzə yumurta toplayırdı. Ailəsi fermanın girişində yetişdirdikləri meyvə və tərəvəzləri satır, imkanı olmayan insanlara isə məhsulları ödənişsiz verirdi.

“Fermanı çox sevirdim. Orada həyat çox gözəl idi”, deyə Karuzo xatırlayıb.

İkinci sirr: Sevdiyin işlə məşğul olmaq

“Allaha şükür edirəm ki, hər səhər oyanıb sevdiyim işlə məşğul ola bilirəm”, deyə o bildirib.

Karuzo həftədə iki dəfə “YMCA” mərkəzində dörd dövrə piyada gəzir və ya ticarət mərkəzində gəzintiyə çıxır. Bundan əlavə, yaşlılar üçün təşkil olunan yoqa məşğələlərində həm ayaqüstə, həm də oturaq vəziyyətdə yerinə yetirilən hərəkətlərdə iştirak edir.

“Mən gəzməyi sevirəm. Bu, çox yaxşı fiziki fəaliyyətdir”, deyə o qeyd edib.

İdmanla yanaşı, Karuzo yaradıcılıq dərnəklərinə qatılır, birgə naharlarda və digər tədbirlərdə iştirak edir.

“Mən oradakı insanları çox sevirəm. Onlar çox mehribandırlar”, deyə o, “YMCA” icması haqqında danışıb.

Anasına qulluq edən qızı Şeyla Mari Karuzo-Rotfuss (Sheila Marie Caruso-Rotfuss) bildirib ki, mərkəzdə demək olar ki, hamı Enn Marinı tanıyır: “Anam gözəl və qayğıkeş insandır. Onun həyatımda olmasına görə özümü xoşbəxt hesab edirəm".

Karuzo hesab edir ki, daim hərəkətdə olmaq və insanlarla əlaqəni qorumaq onun həyat fəlsəfəsinin əsas hissəsidir.

“Heç vaxt dayanmayın, sadəcə irəliləməyə davam edin. Bu həm çətindir, həm də sadədir”, deyə o, gəncliyində özünə verə biləcəyi ən vacib məsləhəti bölüşüb.

Nəşrin yazdığına görə, Karuzo gənclik illərində müxtəlif peşələrdə çalışıb. O, 17 yaşında bacısının yanına Nyu-Yorka köçərək təxminən beş il model kimi fəaliyyət göstərib, qadın alt paltarlarını, papaqları və zinət əşyalarını nümayiş etdirib.

Daha sonra papaq mağazasında satıcı işləyərkən 1947-ci ildə gələcək həyat yoldaşı, polis əməkdaşı Frenk Karuzo (Frank Caruso) ilə tanış olub. Həmin vaxt həmkarına onunla evlənəcəyini söyləyib və bu baş verib. İkinci Dünya müharibəsi veteranı, ABŞ ordusunun serjantı olan Frenk Karuzo ilə 43 il ailəli olub. Həyat yoldaşı 1992-ci ildə vəfat edib.

Karuzo təxminən 50 yaşında olarkən xəstəxanada tibb bacısı köməkçisi kimi işləməyə başlayıb və bu sahədə on ilə yaxın fəaliyyət göstərib. O, xəstələrə qulluq edib, onların hüquqlarının müdafiəsinə dəstək verib. Karuzo bu işi həyatının ən sevimli peşəsi adlandırır.

Üçüncü sirr: Əlləri və beyni daim işlətmək

Evdə qızı ilə birlikdə vaxt keçirərkən onlar musiqi dinləyir və gündəlik anları xoş xatirələrə çevirirlər. Karuzo həmçinin toxuculuqla məşğul olur və xüsusilə patchwork texnikasında yorğanlar hazırlamağı sevir.

Onun həyat fəlsəfəsi isə belədir: “Heç vaxt təslim olmayın, irəliləməyə davam edin. Siz bunu bacararsınız. Başlayın və heç vaxt dayanmayın".

Jalə Demokrat.az

D
demokrat.az