Qızılgül ləçəklərindən hazırlanan mürəbbə yay mövsümünün ən ətirli desertlərindən biri hesab olunur. Lakin zəngin dad və cəlbedici rəng əldə etmək hər zaman mümkün olmur.
Demokrat.az xəbər verir ki, sənətkarlıq üsulu ilə çay və mürəbbə istehsal edən “Tea Stories” müəssisəsinin sahibi İrina Zaytseva UNIAN-a müsahibəsində ləçəklərin nə vaxt toplanmalı olduğunu, limon turşusunun nə üçün əlavə edildiyini, mürəbbənin hansı səbəbdən tündləşdiyini və ya şəkərləşdiyini, eləcə də onun faydalı xüsusiyyətlərə malik olub-olmadığını izah edib.
Qızılgül mürəbbəsi hansı növlərdən hazırlanır?
İrina Zaytsevanın sözlərinə görə, onun bağında ağ, çəhrayı və tünd çəhrayı, demək olar ki, qırmızı rəngli üç növ çay qızılgülü yetişdirilir.
"Qızılgül mürəbbəsini bu üç növün hamısından hazırlayıram. Çünki məhz çay qızılgülləri ən zəngin ətrə malikdir və mürəbbə üçün əsas meyar da budur. Buna görə də bu növləri rahatlıqla bir-biri ilə qarışdırmaq mümkündür. Digər qızılgül növlərindən istifadə etmirəm, çünki onların ətri bu qədər güclü deyil", deyə o bildirib.
Ləçəklər nə vaxt toplanmalıdır?
Mürəbbə üçün yalnız təzə qızılgül ləçəklərindən istifadə edilməlidir. Çiçəklərin səhər tezdən, şeh çəkildikdən sonra, lakin havanın isinməsindən əvvəl toplanması tövsiyə olunur. Ləçəklər ehtiyatla ayrılmalı və çəkilməlidir. Təqdim olunan resept üzrə 300 qram təzə ləçək istifadə edilir.
Hazırlanma qaydası
Əvvəlcə ləçəklər soyuq suda yuyulmalı, efir yağlarının və təbii ətrin qorunması üçün onların əzilməməsinə diqqət yetirilməlidir. Daha sonra ləçəklər süzgəcə qoyularaq artıq suyun axması gözlənilməlidir.
Ləçəklər bir qədər quruduqdan sonra qaba tökülür və hər 100 qram ləçəyə bıçağın ucunda limon turşusu əlavə edilir. 300 qram ləçək üçün bu miqdar üç dəfə artırılır. Qarışdırıldıqdan sonra ləçəklər təxminən 10 dəqiqə saxlanılır.
Bu müddətdə şərbət hazırlanır. Hər 100 qram ləçək üçün 1 kiloqram şəkər və 800 millilitr su götürülür. Şərbət qaynadılır və təxminən 15 dəqiqə bişirilir. Üzərində yaranan köpük ləçəklər əlavə edilməzdən əvvəl mütləq yığılmalıdır. Bundan sonra ləçəklər qaynar şərbətə əlavə olunur.
Mürəbbə nə qədər bişirilməlidir?
Qarışıq yenidən qaynamağa başladıqdan sonra zəif odda təxminən 20 dəqiqə bişirilir. Qaynama zəif olarsa, bişirmə müddəti bir qədər uzadıla bilər. Hazır olma dərəcəsi yalnız vaxta deyil, həm də şərbətin qatılığına əsasən müəyyən edilməlidir.
Bişmənin başa çatmasına bir neçə dəqiqə qalmış əvvəlki qədər və ya bir qədər artıq miqdarda limon turşusu və ya limon şirəsi əlavə edilir.
“Limon şirəsini yalnız mürəbbənin daha yaxşı saxlanması üçün deyil, həm də dadını tarazlaşdırmaq məqsədilə əlavə edirəm. Bunun sayəsində mürəbbə həddindən artıq şirin olmur və xoş, yüngül turşməzə dad alır”, deyə İrina Zaytseva bildirib.
Mürəbbənin hazır olub-olmadığını qaşığı qazanın dibi ilə çəkərək yoxlamaq mümkündür. Qaşığın izi dərhal itmirsə, şərbət hazır hesab edilir. Nəzərə almaq lazımdır ki, soyuduqdan sonra şərbət daha da qatılaşır. Buna görə də onu həddindən artıq bişirmək məsləhət görülmür, əks halda şəkərləşə bilər.
Qızılgül mürəbbəsinin yalnız bir dəfə bişirilməsi tövsiyə olunur. Yenidən qızdırılması və ya ikinci dəfə qaynadılması şərbətin tündləşməsinə və şəffaf çəhrayı rəngini itirməsinə səbəb olur. Soyuduqdan sonra isə mürəbbənin rəngi daha da zənginləşir və ətri tam şəkildə üzə çıxır.
“Bir kiçik sirrim də var. Bəzən daha parlaq rəng əldə etmək üçün çox az miqdarda hibiskus çiçəyi əlavə edirəm. Bu, mürəbbəyə gözəl yaqut-çəhrayı çalar verir və onu daha iştahaçan göstərir”, deyə o əlavə edib.
Qızılgül mürəbbəsinin faydası varmı?
Mütəxəssisin sözlərinə görə, qızılgül ləçəklərində efir yağları, antioksidantlar və C vitamini mövcuddur. Buna görə onların yüngül sakitləşdirici təsir göstərə, immun sistemini dəstəkləyə və həzm prosesinə müsbət təsir edə biləcəyi hesab olunur.
Bununla belə, qızılgül mürəbbəsinin hər hansı xəstəliyi müalicə etdiyini demək düzgün deyil.
“Bu mürəbbə insanın əhvalını yaxşılaşdırır, rahatlıq və istilik hissi yaradır. Müştərilərimizin əksəriyyəti onu yalnız özləri üçün deyil, həm də hədiyyə məqsədilə alırlar. Çünki bu, həm gözəl, həm qeyri-adi, həm də səmimi hisslər oyadan bir hədiyyədir”, deyə İrina Zaytseva qeyd edib.
Jalə Demokrat.az


