Qanda şəkərin səviyyəsini sabit saxlamaq üçün ciddi pəhrizlərə və ya kəskin həyat tərzi dəyişikliklərinə hər zaman ehtiyac olmaya bilər.
Demokrat.az xəbər verir ki, mütəxəssislərin istinad etdiyi elmi araşdırmalara görə, gündəlik həyatda tətbiq oluna bilən sadə vərdişlər yeməkdən sonra qlükoza səviyyəsinin kəskin yüksəlməsinin qarşısını almağa kömək edə bilər.
Türkiyəli həkim Osman Müftüoğlu bu mövzu ilə bağlı yazısında qanda şəkərin səviyyəsinin tənzimlənməsinə dəstək ola biləcək üç əsas tövsiyəni qeyd edib.
Birinci tövsiyə yeməkdən sonra 10–15 dəqiqə gəzməkdir. Mütəxəssislərin fikrincə, qısa müddətli fiziki aktivlik əzələlərin qandakı qlükozanı enerji mənbəyi kimi istifadə etməsinə kömək edir. Bu isə yeməkdən sonra qlükoza səviyyəsinin artımını məhdudlaşdıra və həzmi dəstəkləyə bilər.
İkinci tövsiyə qidaları düzgün ardıcıllıqla qəbul etməkdir. Əvvəlcə salat, tərəvəz, qatıq, yumurta, balıq, ət və ya paxlalı bitkilərin, daha sonra isə çörək, düyü, makaron və şirniyyat kimi karbohidratla zəngin qidaların qəbul edilməsi məsləhət görülür. Bildirilir ki, bu yanaşma karbohidratların daha yavaş mənimsənilməsinə və qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsinin qarşısının qismən alınmasına kömək edə bilər.
Üçüncü tövsiyə gün ərzində qısa hərəkət fasilələri verməkdir. İdman zalına getmək imkanı olmayan şəxslər üçün gün ərzində bir neçə dəfə 2–5 dəqiqəlik fiziki aktivlik – pilləkənlə qalxmaq, çömbəlmə hərəkətləri etmək və ya sürətli templə yerimək – insulinə həssaslığın dəstəklənməsinə və qlükozanın əzələlər tərəfindən istifadəsinin artmasına müsbət təsir göstərə bilər.
Mütəxəssislər vurğulayırlar ki, qanda şəkərin səviyyəsinin tənzimlənməsi təkcə qidalanma ilə deyil, həm də gündəlik fiziki aktivliklə sıx bağlıdır.
Jalə Demokrat.az


