Texnologiya Özəl

"Bu cür qaydalar bəzi ölkələrdə tətbiq olunsa da, gözlənilən nəticəni verməyib"

Bu cür qaydalar bəzi ölkələrdə tətbiq olunsa da, gözlənilən nəticəni verməyib

16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirə olunan qanun layihəsinin texniki baxımdan tətbiqi çətin görünür.

Bu barədə Demokrat.az-a informasiya texnologiyaları üzrə mütəxəssis Ruslan Haqverdiyev açıqlama verib.

Onun sözlərinə görə, belə qadağanın effektiv olacağı real görünmür:

"Məncə, bunun effektiv olması real görünmür. Dünya təcrübəsi göstərir ki, bu cür qaydalar bəzi ölkələrdə tətbiq olunsa da, gözlənilən nəticəni verməyib. Uşaqlar sosial şəbəkələrdə hesab yaradarkən yaşlarını olduğundan böyük göstərərək yenə də platformalara daxil ola bilirlər. Bəzən azyaşlılar zahiri görünüşlərinə görə daha böyük yaşda təsir bağışlayırlar. Bu səbəbdən də onlara qarşı pis niyyətli şəxslərin kimin azyaşlı, kimin isə yetkin olduğunu vizual olaraq müəyyən etməsi həmişə mümkün olmur. Burada əsas məsələ sosial şəbəkə platformalarının sahibi olan şirkətlərin ölkənin qanunvericiliyinə uyğun texniki dəyişikliklər edib-etməyəcəyidir”.

“Əgər həmin platformalar 16 yaşdan kiçik istifadəçilərin qeydiyyatını texniki vasitələrlə məhdudlaşdırmasa, bu qadağanın praktikada tətbiqi və azyaşlıların sosial şəbəkələrə girişinin qarşısının alınması mümkün olmayacaq” , - deyə Ruslan Haqverdiyev fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az