Son illərdə plastik kartlarla nağdsız ödənişlərin geniş yayılması bank xidmətləri üzrə tarif və komissiyalar məsələsini daha da aktuallaşdırıb.
Bunu ekspert Emin Kərimov Demokrat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzi vətəndaşlar kart vasitəsilə alış-veriş edərkən və ya digər əməliyyatlar həyata keçirərkən əvvəlcədən məlumatlı olmadıqları komissiyaların tutulması səbəbindən maliyyə itkisi ilə üzləşirlər.
“Hər bir şəxs plastik kart əldə edərkən bankın filialında və ya rəsmi internet səhifəsində yerləşdirilən tarif cədvəli ilə tanış ola bilər. Həmin cədvəldə kart üzrə xidmət haqları, satış və xidmət əməliyyatları, eləcə də xaricdə aparılan əməliyyatlara tətbiq olunan tariflər açıq şəkildə göstərilir”.
Ekspert qeyd edib ki, kart istifadəçiləri əməliyyat aparmazdan əvvəl tətbiq olunan tarifləri diqqətlə öyrənməli və mümkün komissiyaları nəzərə almalıdırlar.
“İnsanların diqqət yetirmədiyi məqamlardan biri də tarif cədvəlində nəzərdə tutulan minimum komissiya həddidir. Məsələn, başqa bankın kartına köçürmə zamanı bəzi hallarda minimum 1 manat komissiya tətbiq olunur”
“Əksər hallarda eyni banka məxsus kartlar arasında aparılan köçürmələrə görə komissiya tutulmur. Bununla belə, bəzi kiçik banklarda daxili əməliyyatlar üzrə də komissiya tətbiq oluna bilər və bu, həmin bankın tarif siyasətindən asılıdır.
Vətəndaşlar kart sifariş etməzdən əvvəl bankın tarif cədvəlini diqqətlə araşdırmalı, yalnız bundan sonra seçim etməlidirlər", - deyə ekspert fikrini tamamlayıb.


