Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son 5 ildə (2021-2025) bəzi xidmətlər üzrə xərclər 2 dəfə və daha çox artıb. Rəsmi məlumatlar göstərir ki, son 5 ildə xərclərdə ən böyük artım sürəti təhsil, səhiyyə, turizm, nəqliyyat xidmətlərində baş verib. İl ərzində adambaşına düşən təhsil xərcləri beş il əvvəl 48 manat olduğu halda ötən il 129 manata çatıb. Adambaşına təhsil xərcləri 2,7 dəfə yüksəlib. Səhiyyə xərcləri beş il ərzində 62 manatdan 140 manata çatıb. Bu xərclərdə 2,26 dəfə artım qeydə alınıb. Turizm xərcləri 12 manatdan 46 manata (3,83 dəfə artım), məişət xidmətlərinə çəkilən xərc 82 manatdan 164 manata (2 dəfə), nəqliyyat xərcləri 108 manatdan 254 manata (2,35 dəfə), mənzil təsərrüfatı xidməti xərcləri 12 manatdan 34 manata (2,83 dəfə) çatıb. Ümumilikdə əhali bir ildə adambaşına pullu xidmətlərə 1460 manat xərcləyib. Beş il əvvəl bu xərclər 774 manat idi.
Mövcud tendensiyanın yaxın illərdə də davam edəcəyi gözlənilirmi? Hansı xidmət sahələrində qiymət artımı daha çox ola bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov pullu xidmətlərin qiymətlərinin artmasının müxtəlif səbəblərinin olduğunu söyləyib.

Deputatın sözlərinə görə, bu amillər arasında illik inflyasiya səviyyəsi xüsusi yer tutur:
“İnflyasiya artdıqca, xidmətlərin qiymətlərində də uyğun artım müşahidə olunur. Nəticə etibarilə inflyasiya pullu xidmətlərin məbləğinə birbaşa təsir göstərən əsas amillərdən biridir. Növbəti illərdə də inflyasiya səviyyəsi pullu xidmətlərin qiymətlərinə təsir etməyə davam edəcək. Lakin inflyasiya tempinin azalması zamanı daha az dəyişikliklər müşahidə ediləcək”.
V.Bayramov əlavə edib ki, ümumilikdə, son illərdə dünyanın əksər ölkələrində pullu xidmətlərin qiymətlərində artım qeydə alınıb və Azərbaycan da bu tendensiyadan kənarda qalmayıb:
“Xüsusilə Rusiya-Ukrayna müharibəsinin təsiri ilə 2022 və 2023-cü illərdə qiymət artımları daha yüksək olub ki, bu da pullu xidmətlərin dəyərinə ciddi təsir göstərib. Sonrakı dövrdə isə inflyasiyanın nisbətən sabitləşməsi və optimallaşması bu təsirlərin müəyyən qədər azalmasına şərait yaradıb. Bütün hallarda inflyasiya səviyyəsində baş verən dəyişikliklər pullu xidmətlərin qiymətlərinə birbaşa təsir göstərən əsas iqtisadi amillərdən biri olaraq qalır”.
Qısası, iqtisadiyyatdakı inflyasiya və qlobal böhranlar pullu xidmətlərin qiymətini birbaşa artırır.


