Siyasət Özəl

Bu, fantaziya deyil, mövcud proseslərin doğurduğu təhlükəli tendensiyadır — Politoloq

Bu, fantaziya deyil, mövcud proseslərin doğurduğu təhlükəli tendensiyadır — Politoloq

Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə doğru irəlilədikcə döyüş meydanında gərginlik daha da artır. Son həftələrdə Rusiyanın hava hücumlarını intensivləşdirməsi, cəbhənin müxtəlif istiqamətlərində hücum əməliyyatlarını genişləndirməsi və tərəflərin kompromisdən uzaq görünməsi münaqişənin yeni mərhələyə keçdiyi barədə fikirləri gücləndirib. Bu fonda əsas müzakirə mövzularından biri də ilin sonunadək atəşkəs və ya sülh sazişinin imzalanmasının nə dərəcədə real olmasıdır.

Mövcud hərbi və siyasi proseslər yaxın perspektivdə diplomatik həll imkanlarını artırır, yoxsa əksinə, müharibənin daha da uzanacağına, regional və qlobal təhlükəsizlik üçün yeni risklər yaradacağına işarə edir?

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a bildirib ki, bu müharibənin nə vaxt başa çatacağını proqnozlaşdırmaq olduqca çətindir:

“Çünki indiyədək bir neçə dəfə müxtəlif tarixlər göstərilsə də, həmin proqnozların heç biri özünü doğrultmayıb. Ötən ilin əvvəli, ortası, bu ilin əvvəli və ortası ilə bağlı səsləndirilən ehtimalların hamısı nəticəsiz qalıb. Məsələ ondadır ki, bu münaqişə ətrafında son dərəcə gərgin proseslər gedir. Mənim fikrimcə, bunun arxasında əsasən Qərb qüvvələri dayanır. Ukraynada hakimiyyətin, o cümlədən vaxtilə Sağ Sektorun və Prezident Zelenskinin Qərbə yaxın mövqeyi Qərb ölkələrinə bu müharibəni uzatmaq üçün əlavə imkanlar yaradır. Məqsəd isə müharibənin mümkün qədər davam etməsi və Rusiyanın tədricən zəiflədilməsidir. Hazırda NATO-nun sammiti keçirilir və Zelenski də həmin tədbirdə iştirak edir. Burada sual yaranır: Zelenskinin NATO sammitində əsas məqsədi nədir? Axı Ukrayna NATO üzvü deyil. Məncə, onun əsas məqsədi Ukraynaya silah və maliyyə dəstəyinin davam etdirilməsi üçün beynəlxalq dəstəyi gücləndirmək, eyni zamanda Ukrayna ordusunun mübarizəsini nümayiş etdirməkdir”.

O deyib ki, Zelenskinin ABŞ Prezidenti Donald Trampla, eləcə də digər ölkələrin liderləri ilə görüşləri də bu baxımdan əhəmiyyət daşıyır:

“Türkiyə isə əvvəlki kimi sülh platformasını irəli sürərək tərəfləri danışıqlara çağırır. Ankaranın əsas məqsədi müharibənin dayandırılmasıdır. Digər tərəfdən, Baltikyanı ölkələr və Polşa ətrafında da gərginlik artır. Hətta Polşada mümkün təxribatlarla bağlı müxtəlif xəbərdarlıqlar səsləndirilir. Baltikyanı ölkələrdə də Rusiyanın təxribatlar törədə biləcəyi iddiaları irəli sürülür. Daha sonra isə bunun müharibənin genişlənməsi üçün əsas kimi istifadə oluna biləcəyi bildirilir. Məncə, bunlar Rusiya ilə qarşıdurmanın daha da böyüməsinə xidmət edən geosiyasi ssenarilərdir və qlobal təhlükəsizlik baxımından ciddi risk yaradır. Əgər müharibə yaxın zamanda başa çatmasa, onun daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalı da arta bilər. Bu, fantaziya deyil, mövcud proseslərin doğurduğu təhlükəli tendensiyadır. Xüsusilə Fransa, Böyük Britaniya və Almaniyanın Rusiyaya qarşı sərt mövqeyi, eyni zamanda Rusiyanın da getdikcə daha sərt bəyanatlar verməsi vəziyyəti daha da gərginləşdirir”.

Politoloq əlavə edib ki, Rusiyanın tanınmış ideoloqlarından biri olan Sergey Karaqanov açıq şəkildə bildirib ki, Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır:

“O, hətta Qərbə mesaj vermək məqsədilə bəzi iri şəhərlərin və mühüm obyektlərin hədəfə alınmasını təklif edib. Belə bəyanatlar göstərir ki, təhdidlərin səviyyəsi artır və vəziyyət getdikcə daha kritik mərhələyə keçir. Əgər taktiki nüvə silahından istifadə olunsa, bu, bütün dünya üçün son dərəcə ağır nəticələr doğura və beynəlxalq təhlükəsizlik sistemini ciddi böhranla üz-üzə qoya bilər. Buna görə də bu cür ssenarilərin qarşısının alınması vacibdir. Donald Tramp hazırda həm İran, həm də Ukrayna məsələsində özünü sülh tərəfdarı kimi təqdim edir. Ancaq nəzərə almaq lazımdır ki, ABŞ təkcə prezidentdən ibarət deyil. Amerikanın siyasi elitasında Rusiyaya qarşı sərt mövqedə olan qüvvələr kifayət qədər güclüdür. Respublikaçılar daxilində də Ukraynaya dəstəyin davam etdirilməsini müdafiə edən təsirli qruplar mövcuddur. Zelenski də bu dəstəyə arxalanaraq öz mövqeyini qorumağa çalışır. Lakin hadisələrin gedişi fərqli istiqamətdə inkişaf edərsə, ilk zərər görən şəxslərdən biri elə Zelenskinin özü də ola bilər. Onun siyasi taleyi müxtəlif ssenarilər qarşısında qala bilər.

Ümumilikdə isə bu müharibənin dayanması üçün qeyri-adi və həlledici bir hadisənin baş verməsi lazımdır. Yalnız bundan sonra tərəflər daha rasional və müdrik qərarlar qəbul edərək danışıqlara üstünlük verə bilərlər. Əks halda, mövcud proseslərin davam etməsi bütün dünya üçün daha böyük fəlakətlərə yol aça bilər”, - politoloq fikrini yekunlaşdırıb.

Leyla Turan

D
demokrat.az