34 yaşlı sosial media fenomeni Karli Duqlasın mədə xərçəngindən vəfat etməsi xəstəliyin erkən əlamətlərini və gənclər arasında artan halları yenidən gündəmə gətirib.
Demokrat.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, təxminən 140 min izləyicisi olan Duqlas ölümündən cəmi üç ay əvvəl ona mədə xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdı. O, paylaşımında "Xərçəng yanlış insanı seçdi" sözləri ilə xəstəliklə mübarizə aparacağını bildirsə də, qısa müddət sonra vəfat edib.
Üç uşaq anası olan fenomen diaqnoz qoyulana qədər gündəlik həyatından və idman məşqlərindən görüntüləri sosial şəbəkələrdə paylaşmağa davam edib. Güclü qarın ağrısı və qarında şişkinlik səbəbindən xəstəxanaya müraciət etdikdən sonra onda mədə xərçənginin irəliləmiş mərhələsi aşkarlanıb.
Mütəxəssislər bildirirlər ki, son illərdə 50 yaşdan aşağı şəxslər arasında mədə xərçəngi hallarının artması narahatlıq doğurur. Onların sözlərinə görə, xəstəliyin ilkin əlamətləri çox vaxt qastrit və ya reflüks xəstəliyi kimi daha yüngül problemlərlə qarışdırıldığı üçün diaqnoz gecikə bilir.
Cərrah Mehmet Karabulutun sözlərinə görə, mədə xərçəngi daha çox 60 yaşdan yuxarı insanlarda müşahidə olunsa da, son illərdə 30–40 yaşlı xəstələrin sayı da artır. Nadir hallarda isə 20 yaşlarında olan şəxslərə də bu diaqnoz qoyulur.
Həkimin sözlərinə görə, ultra emal olunmuş qidaların, duzlu və işlənmiş ət məhsullarının həddindən artıq istehlakı, piylənmə, hərəkətsiz həyat tərzi, siqaret çəkmək, alkoqol qəbulu, eləcə də genetik meyllilik xəstəliyin yaranma riskini artıran əsas amillər sırasındadır.
Mədə xərçənginin diqqətdən kənarda qalmamalı olan 8 əlaməti
Mütəxəssislər aşağıdakı əlamətlər müşahidə olunduqda mütləq həkimə müraciət etməyi tövsiyə edirlər:
* Şikayətlərin həftələrlə davam etməsi; * Dərman müalicəsinə baxmayaraq vəziyyətin yaxşılaşmaması; * Səbəbsiz çəki itkisi; * İştahasızlıq; * Az miqdarda qida qəbulundan sonra tez doyma hissi; * Udma çətinliyi; * Davamlı mədə ağrısı və ya qan qusma; * Qara rəngli nəcis, qanazlığı və davamlı halsızlıq.
Həkimlər qeyd edirlər ki, mədə xərçəngi erkən mərhələdə aşkar edildikdə tam sağalma ehtimalı xeyli yüksək olur. Bu səbəbdən uzun müddət davam edən mədə şikayətləri, xüsusilə də risk qrupuna daxil olan şəxslərdə, mütləq endoskopik müayinə ilə qiymətləndirilməlidir.
Mütəxəssislər xəstəlikdən qorunmaq üçün siqaretdən uzaq durmağı, alkoqol qəbulunu məhdudlaşdırmağı, meyvə və tərəvəzlə zəngin qidalanmağı, işlənmiş ət məhsulları və duzlu qidaların istehlakını azaltmağı, normal bədən çəkisini qorumağı, fiziki aktivliyi artırmağı, həmçinin ailəsində mədə xərçəngi olan şəxslərin mütəmadi həkim nəzarətində olmasını tövsiyə edirlər.
Jalə Demokrat.az


