Sosial Özəl

Psixoloq: İndiki gəncliyi biz idarə etmirik, onlar bizi idarə edirlər

Psixoloq: İndiki gəncliyi biz idarə etmirik, onlar bizi idarə edirlər

16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsi onların psixoloji sağlamlığına, davranışlarına, eləcə də valideyn-övlad münasibətlərinə müsbət təsir göstərə bilər.

Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Ülkər Məhərrəmova deyib ki, mövzu kifayət qədər genişdir və bu məsələnin mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə olunmasına ehtiyac var:

“İstərdim ki, psixoloqlar və valideynlərin iştirakı ilə dəyirmi masa təşkil olunsun, mövzunun müsbət və mənfi tərəfləri geniş şəkildə müzakirə edilsin. Qəbul olunacaq hər hansı layihə nə uşaqların, nə də valideynlərin maraqlarına zidd olmamalıdır.”

Psixoloq bildirib ki, uşaqlar sosial şəbəkələrdən və süni intellekt alətlərindən təkcə əyləncə üçün deyil, həm də araşdırma və öyrənmə məqsədilə istifadə edirlər. Bu baxımdan həmin platformalar onların inkişafına da töhfə verə bilər.

Bununla yanaşı, Ü.Məhərrəmova vurğulayıb ki, uşaqların psixologiyasına mənfi təsir göstərən oyunlardan və zərərli məzmundan uzaq qalması vacibdir. Onun fikrincə, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür:

“Valideynlər uşaqların sosial şəbəkələrdən istifadəsinə vaxt məhdudiyyəti qoymalı, onların internet fəaliyyətinə nəzarət etməlidirlər.”

“İndiki gəncliyi biz idarə etmirik, onlar bizi idarə edirlər”, – deyə Ülkər Məhərrəmova fikrini yekunlaşdırıb.

Qeyd edək ki,sosial şəbəkələrdə uşaqların təhlükəsizliyini təmin edən yeni qanun layihəsi parlamentdə son oxunuşda qəbul olunub. Yeni qaydalara əsasən, platformalarda fərdi hesab açmaq üçün minimum yaş həddi 16 yaş müəyyən edilir. 16-18 yaş qrupundakı yeniyetmələr isə sosial şəbəkələrdən yalnız valideynlərinin razılığı və nəzarəti ilə istifadə edə biləcəklər. Qanun provayderlər üzərinə zərərli məzmunları dərhal silmək və uşaqların fərdi məlumatlarını qorumaq öhdəliyi qoyur. Qaydaları pozan platformaları İnzibati Xətalar Məcəlləsi ilə yeni cərimələr gözləyir.

Nuray Paşşanlı Demokrat.az

D
demokrat.az