Kriminal Özəl

Azərbaycanda qadın maşının qapısını sərt örtdüyünə görə döyüldü

Azərbaycanda qadın maşının qapısını sərt örtdüyünə görə döyüldü

Şəmkir rayonunda 35 yaşlı kişi həyat yoldaşına şiddət göstərib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 1-də rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Sərdar həmin gün, saat 23:45-də yaşadığı fərdi yaşayış evində aralarında ailə-məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı əli ilə arvadı Saranın (adlar şərtidir – red.) üz nahiyəsinə qəsdən vurub, ona xəsarətlər yetirib.

Faktla bağlı Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, martın 1-də, saat 21 radələrində qohumu Afiqin evinə qonaqlıq məqsədilə gediblər:

“Bir neçə saat keçdikdən sonra saat təxminən 23:25-də dayım oğlu Asifin avtomobilini sürərək ailəm ilə birlikdə Şəmkir rayonunun kəndində yerləşən yaşadığımız evə qayıtdıq. Həmin vaxt Sara avtomobildən düşmək istəmədi. Saradan avtomobildən düşməsini istədikdə isə o, narazılıq etdi. Bir neçə dəqiqə gözlədikdən sonra Sara avtomobildən düşdü. Saraya evdə məni gözləməsini bildirdim”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra dostları ilə görüşmək üçün həmin kənd ərazisində yerləşən çay evinə gedib:

“Lakin çay evi bağlı olduğu üçün yaşadığım evə qayıtdım. Evə qayıtdıqda həyat yoldaşım Sara qapının yanında olan divanda oturmuşdu. İçəri girdikdən sonra Saradan avtomobildən düşməməsinin səbəbini soruşdum. Sara cavabında heç nə demədən peşman olmadığını bildirdi. Saranın mənə cavab qaytarmasına əsəbləşdim. Onun sifət nahiyəsinə əlim ilə vurdum”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Saraya səsini yüksəltmək istədikdə isə anası Banu onu kənara çəkib:

“Mən kənara çəkilərək otağın digər tərəfində olan divanda uzandım. Bu zaman Sara Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət etdi. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığımız evə gələrək məni polis şöbəsinə dəvət etdilər. Hazırda yoldaşım ilə barışmışam və onun mənə qarşı şikayəti yoxdur”.

İş üzrə zərərçəkmiş Saranın sözlərinə görə, Sərdar ilə 8 il müddətdir ki, evlidirlər:

“Evliliyimizdən 3 azyaşlı övladımız dünyaya gəlib. Martın 1-də kirvələrimiz Afiqin evinə qonaqlıq üçün getdik. Bir neçə saat keçdikdən sonra, saat təxminən 23:25-də Sərdar dayısı oğlunun avtomobilini sürərək bizi evə gətirdi. Sərdar içkili olduğu üçün əvvəlcə avtomobildən düşmək istəmədim.

O, məni məcbur etdikdən sonra avtomobildən düşdüm və qapını sərt şəkildə örtdüm. Mən evə doğru addımlayan zaman Sərdar arxamca nalayiq ifadələr işlətdi, gələcəyini bildirdi və onu gözləməyimi istədi.

Mən də evə getdikdən təxminən 25 dəqiqə sonra yatmağa hazırlaşan zaman Sərdar əsəbi halda evə girdi. Mənim avtomobildən düşməməyimə narazılığını bildirərək səsini yüksəltdi. Mən Sərdara əgər vurmaq istəyirsə, evin içərisində vurmasını istədim. Çünki Sərdar məni çöldə vursaydı, qonşuların görəcəyini düşündüm. Sərdar da evə daxil oldu, qışqıraraq sifət nahiyəmə əli ilə vuraraq məni döyməyə başladı. Bu zaman Sərdarın anası çətinliklə bizi ayırdı”.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az