Çinin Quançjou şəhərinin Hayçju rayonunda dinozavr yumurtalarından ibarət yaxşı qorunmuş yuva aşkar edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Jam Press" məlumat yayıb.
Qeyri-adi tapıntını şəhər sakinlərindən biri edib. O, ağacların arasında yaxşı vəziyyətdə qalmış yuvanı gördükdən sonra bu barədə mütəxəssislərə məlumat verib. Alimlərin ilkin ehtimalına görə, yumurtalar 66–70 milyon il torpaq altında qalıb.
Mütəxəssislərin bildirdiyinə görə, Son Təbaşir dövründə müasir Quançjou ərazisi çaylar, göllər və bataqlıqlarla zəngin olub. Belə rütubətli düzənliklər dinozavrların yaşaması, sonradan isə qalıqların fosilləşməsi üçün əlverişli şərait yaradıb.
Alimlərin növbəti mərhələdə yumurtaların dəqiq yaşını və hansı dinozavr növünə aid olduğunu müəyyənləşdirəcəkləri bildirilib. Daha sonra unikal fosillərin ictimaiyyətə təqdim olunacağı qeyd edilib.
Bundan əvvəl Fransanın Mez şəhərində yerləşən dinozavr muzey-parkında kiçik qovun ölçüsündə təxminən 100 daşlaşmış dinozavr yumurtasının aşkar edildiyi xəbər verilmişdi. Həmin fosillərin təxminən 72 milyon il yaşı olduğu bildirilir.
Jalə Demokrat.az


