Dünya şöhrətli amerikalı müğənni Teylor Svift və “Kansas City Chiefs” komandasının oyunçusu Trevis Kelsi ailə qurublar.
Demokrat.az xəbər verir ki, “People” nəşrinin müğənninin nümayəndəsinə istinadən yaydığı məlumata görə, cütlük iyulun 3-də Nyu-Yorkdakı əfsanəvi “Madison Square Garden” arenasında keçirilən dəbdəbəli mərasimlə nikaha daxil olub.
Məlumata əsasən, "Əsrin toyu" adlandırılan mərasimdə çoxlu sayda dünya ulduzu iştirak edib. Qonaqlar arasında Cici Hadid və Bredli Kuper, Dakota Conson, Mariska Harqitey və Piter Hermann, Ed Şiran və Çerri Siborn, HAIM bacıları, Elli Qoldinq, Benson Bun, Maren Morris, Kelsi Ballerini, Miranda Lambert, Bred Peysli və Kimberli Uilyams-Peysli, Hyu Qrant, Karli Kloss və Coşua Kuşner, Zoi Kravits, Ceyson Sudeykis, İtan Hok, Cimmi Fellon və Tommi Hilfiqer də olub.
Müğənninin nümayəndəsinin sözlərinə görə, Teylor və Trevisin ənənəvi gəlin və bəy şahidləri olmayıb. Onun sözlərinə görə, bəy tərəfdən şahid qismində Teylorun qardaşı Ostin Svift, Trevis tərəfdən isə Ceyson Kelsi çıxış edib. Mərasim hər iki ailəni bir araya gətirib və onu ailənin dostu Adam Sendler aparıb.
Nümayəndə əlavə edib ki, gəlin və bəyin toy geyimləri “Christian Dior Haute Couture” tərəfindən hazırlanıb. Geyimlərin dizaynı “Dior”un qadın, kişi və “Haute Couture” kolleksiyalarının kreativ direktoru Conatan Anderson tərəfindən cütlüklə sıx əməkdaşlıq şəraitində hazırlanıb. Ayaqqabılar “Christian Louboutin” tərəfindən xüsusi sifarişlə hazırlanıb, gəlinin obrazı isə “Cartier” zinət əşyaları ilə tamamlanıb.
Bundan başqa, toy mərasimindən bir neçə gün əvvəl “Madison Square Garden” arenasının bu möhtəşəm tədbir üçün xüsusi şəkildə yenidən tərtib olunduğu bildirilir.
“Daily Mail”in məlumatına görə, Teylor Svift və Trevis Kelsi bu xüsusi günü ailə üzvləri, dostları və dünya şöhrətli qonaqlarla birlikdə qeyd ediblər. Mərasimdə ümumilikdə təxminən 1000 nəfər iştirak edib.
“BBC” yazır ki, “əsrin toyu” adlandırılan tədbir Manhettendə ən işlək küçələrdən birinin bağlanmasına səbəb olub. Pərəstişkarlar gün ərzində arenanın qarşısına toplaşıb, bəziləri isə baş verənləri daha yaxşı görə bilmək üçün tikinti iskelelərinə qalxıblar.
Jalə Demokrat.az


