“Sosial şəbəkələrdən istifadənin geniş yayılması azyaşlıların rəqəmsal təhlükəsizliyi ilə bağlı yeni hüquqi yanaşmaların formalaşdırılmasını zəruri edir. Bu istiqamətdə nəzərdə tutulan qanunvericilik dəyişiklikləri uşaqların internet məkanında daha təhlükəsiz mühitdə fəaliyyət göstərməsinə xidmət edir”.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, müasir dövrdə uşaqlar erkən yaşlardan rəqəmsal platformalarla təmasda olur və bu, onlara yeni imkanlar yaratmaqla yanaşı, müəyyən təhlükələri də özü ilə gətirir:
“Zərərli informasiyaya çıxış, kibertəqib, şəxsi məlumatların qorunması ilə bağlı problemlər və sosial şəbəkələrdən həddindən artıq istifadə dövlətin bu sahəyə daha həssas yanaşmasını tələb edir.
Hazırlanması nəzərdə tutulan hüquqaçıi mexanizmlərin mahiyyəti sosial media platformalarını qadağan etmək deyil, uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırmaqdır. Bu məqsədlə yaşın təsdiqlənməsi, valideyn nəzarətinin gücləndirilməsi və platformaların təhlükəsizlik öhdəliklərinin artırılması kimi mexanizmlər müzakirə oluna bilər. Bir çox ölkələrdə bu istiqamətdə müxtəlif təcrübələr tətbiq edilir və əsas prioritet azyaşlıların hüquqlarının qorunması ilə rəqəmsal xidmətlərdən sərbəst istifadə arasında tarazlığın saxlanılmasıdır”.
O vurğulayıb ki, yaşın yoxlanılması sistemləri tətbiq edilərkən vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi və məxfiliyi əsas prinsiplərdən biri olmalıdır:
“Həmçinin bu prosesdə dövlət qurumları ilə yanaşı, valideynlər, təhsil müəssisələri və sosial media şirkətləri də öz məsuliyyətlərini bölüşməlidirlər. Rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu sahədə həyata keçiriləcək hüquqi yeniliklər onların internet məkanında daha təhlükəsiz fəaliyyət göstərməsinə böyük dəstək göstərəcək”.


