Kürdəmir rayonunda həmkəndlilər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 27-də Kürdəmir rayonu, Topalhəsənli kəndi ərazisində baş verib.
1984-cü il təvəllüdlü Hafiz Osmanov həmin gün saat 21 radələrində kənd ərazisində Bəhlul Dünyamalıyevin avtomobilini saxladıb.
Daha sonra maşının arxa qapısını açaraq avtomobildə sərnişin kimi əyləşmiş 1995-ci il təvəllüdlü Kürdəmir rayonu Topalhəsənli kənd sakini Elvin Zamanovu qəsdən yumruqla vuraraq ona xəsarətlər yetirib. Hafizin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Hafiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində qeyd edib ki, Elvin həmkəndlisidir:
“Elvinlə ədavətim və ya düşmənçiliyim yoxdur. Onunla eyni kənddə yaşayıram. Dekabrın 27-də, səhər saatlarında küçədə dayandığım vaxt bir avtomobilin sürətlə gələrək yanımdan keçdiyini gördüm. Küçədə olan qonşumdan avtomobili idarə edənin kim olduğunu soruşdum. Qonşusu da avtomobili idarə edənin Elvin olduğunu dedi. Həmin gün axşam saat 21 radələrində kənd ərazisində olan zaman Elvinin Bəhlulun idarə etdiyi avtomobildə əyləşdiyini gördüm və əsəbi olduğum üçün yan sərnişin yerinin qapısını açaraq yumruqla bir dəfə onun ağız nahiyəsinə vurdum. Həmin vaxt Elvinin qardaşı Abbas bizi aralaşdırdı və onu evinə tərəf apardı. Avtomobildə Elvinin qardaşı Abbas arxa oturacaqda və qohumu Bəhlul sükan arxasında olub”.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Hafiz Osmanovun zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib. O, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib.
Hafiz Osmanov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, Kürdəmir Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində ittiham hökmü çıxarılmasını istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilib və Kürdəmir Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə ləğv edilib.
Təqsirləndirilən şəxşə 1000 manat məbləğində cərimə təyin edilib.
Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin istintaq dövründə 2 gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilib və onun üzərində 800 manat miqdarında cərimə cəzası saxlanılıb.
Hökmün icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb.


