Yoğun bağırsaq xərçənginin digər orqanlara necə yayıldığı ilə bağlı mühüm araşdırmanın nəticələri açıqlanıb.
Demokrat.az xəbər verir ki, ABŞ-li alimlər bəzi yoğun bağırsaq xərçəngi hüceyrələrinin yayılmaq üçün bioloji xüsusiyyətlərini dəyişdirdiyini müəyyən ediblər.
Araşdırmaya görə, normal şəraitdə GATA6 adlı gen bağırsaq hüceyrələrinin funksiyasını və sabitliyini qoruyur. Lakin bu genin fəaliyyəti zəiflədikdə xərçəng hüceyrələri daha aqressiv formaya keçir və bədənin digər hissələrinə yayılmaq qabiliyyəti qazanır.
Tədqiqat zamanı məlum olub ki, hüceyrələr bir növ “kimlik dəyişdirərək” daha çevik vəziyyətə keçir. Bu dəyişiklik onların qan dövranı vasitəsilə qaraciyər və digər orqanlara yayılmasını asanlaşdırır.
Alimlərin fikrincə, GATA6 geninin aktivliyinin izlənilməsi gələcəkdə metastaz riskinin əvvəlcədən müəyyən edilməsinə kömək edə bilər. Eyni zamanda, bu mexanizmi hədəf alan yeni müalicə üsullarının hazırlanması üçün də imkan yarana bilər.
Mütəxəssislər vurğulayırlar ki, nəticələr ümidverici olsa da, araşdırmalar hələ ilkin mərhələdədir və onların insanlarda tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var.
Jalə Demokrat.az


