Maraqlı Özəl

Gül kələmi üçün sobada və tavada hazırlanan ləzzətli reseptlər

Gül kələmi üçün sobada və tavada hazırlanan ləzzətli reseptlər

Gül kələmi yay mövsümünün ən faydalı tərəvəzlərindən biridir. Onu müxtəlif üsullarla hazırlamaq mümkündür. Ən məşhur variantlardan biri gül kələmini xəmirə batıraraq sobada və ya tavada bişirməkdir.

Demokrat.az xarici mediaya istinadən gül kələmini fərqli dadla hazırlamaq üçün iki resept təqdim edir.

Sobada pendirli gül kələmi

İnqrediyentlər:

* 1 ədəd gül kələmi; * 70 qram bərk pendir; * un; * 50 qram suxarı ovuntusu; * 1 çay qaşığı quru sarımsaq; * 1 çay qaşığı üyüdülmüş paprika; * 2 yumurta; * duz və istiot.

Hazırlanması:

Gül kələmini çiçəklərinə ayırın, qaynar suya salın və qaynadıqdan sonra 5–7 dəqiqə bişirin. Daha sonra süzgəcə tökərək suyunun tam süzülməsini gözləyin.

Rəndələnmiş pendiri suxarı ovuntusu, paprika və quru sarımsaqla qarışdırın. Başqa qabda yumurtaları çalın, bir qədər un, duz və istiot əlavə edib qarışdırın. Gül kələmi parçalarını əvvəl yumurtalı qarışığa, sonra isə pendirli qarışığa batırın və perqament kağızı sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 190 dərəcəyədək qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin.

Asiya üslubunda tavada qızardılmış gül kələmi

İnqrediyentlər:

* 500 qram gül kələmi; * 200 qram bolqar bibəri; * 2 diş sarımsaq; * 150 qram portağal; * 70 millilitr su; * 3 xörək qaşığı nişasta; * 2 xörək qaşığı buğda unu; * 1 xörək qaşığı soya sousu; * 1 xörək qaşığı zeytun yağı; * yarım acı çili bibəri; * 1 çay qaşığı bal; * 1 bulyon kubu; * 1 çay qaşığı küncüt; * 10 qram zəncəfil; * 10 qram yaşıl soğan; * duz və istiot; * 250 millilitr bitki yağı.

Hazırlanması:

Əvvəlcə nişasta, un, su, duz və istiotu qarışdıraraq xəmir hazırlayın. Çiçəklərinə ayrılmış gül kələmini bu qarışığa batırın və bol yağda qızardın. Hazır olduqdan sonra artıq yağın hopması üçün kağız salfetin üzərinə qoyun.

Sarımsaq və zəncəfili xırda doğrayaraq zeytun yağında qovurun. Daha sonra iri doğranmış bolqar bibərini əlavə edib 5–7 dəqiqə bişirin. Portağalın qabığını rəndələyin, şirəsini sıxın və hər ikisini tavaya əlavə edin. Ardınca bulyon kubu, bal və soya sousunu əlavə edib qarışdırın. Sonra 1 xörək qaşığı nişastanı az miqdarda suda həll edib tavaya əlavə edin və sous qatılaşana qədər bişirin.

Sonda qızardılmış gül kələmini sousa əlavə edin və 5–7 dəqiqə birlikdə bişirin. Üzərinə doğranmış çili bibəri, yaşıl soğan və küncüt səpərək süfrəyə verin.

Jalə Demokrat.az

D
demokrat.az