Son illərdə daşınmaz əmlakın sadəcə yaşayış sahəsi kimi deyil, həm də gəlirli investisiya vasitəsi kimi alınması qlobal və yerli bazarlarda ciddi struktur dəyişikliklərinə səbəb olur. Bu tendensiya sərbəst vəsaitlərin qorunması və artırılması üçün alternativ imkanlar yaratsa da, eyni zamanda tələbi süni şəkildə artıraraq qiymətlərin kəskin yüksəlməsinə təzyiq göstərir. Daşınmaz əmlaka qoyulan investisiyaların etibarlılığı ölkənin iqtisadi vəziyyətindən, urbanizasiya sürətindən və bazarın likvidlik səviyyəsindən birbaşa asılı olaraq dəyişir. Bir tərəfdən inflyasiyadan qorunmaq və sabit passiv gəlir əldə etmək üçün bu sahə ənənəvi olaraq təhlükəsiz liman hesab edilir. Digər tərəfdən isə bazarın həddindən artıq şişməsi, mümkün iqtisadi böhranlar və qanunvericilikdəki dəyişikliklər investorlar üçün müəyyən risklər yaradır.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, son beş il ərzində daşınmaz əmlak bazarında müşahidə olunan davamlı qiymət artımı investisiyaya marağı daha da artırıb:
“Çünki insanlar görür ki, mənzil bazarında qiymətlər ildən-ilə yüksəlir və bu sahə uzunmüddətli perspektivdə gəlirli investisiya vasitəsinə çevrilib. İpoteka və Kredit Zəmanət Fondunun məlumatlarına əsasən, Bakı şəhərində mənzil qiymətlərində illik artım son illərdə təxminən 12-17 faiz arasında dəyişir. Bu isə əmlak bazarını həm vətəndaşlar, həm də investorlar üçün cəlbedici edir. Hazırda bir çox insanlar mənzili yalnız yaşayış ehtiyacı üçün deyil, gələcəkdə qazanc əldə etmək və kapitalını artırmaq məqsədilə də alırlar.
Xüsusilə son illərdə ipoteka kreditlərindən investisiya məqsədilə istifadə edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Yəni bəzi şəxslər mənzili yaşamaq üçün deyil, sonradan daha yüksək qiymətə satmaq və ya kirayə gəliri əldə etmək məqsədilə alırlar. Bu tendensiya bazarda tələbin daha da artmasına səbəb olur”.


