İslamda dəfn məsələsi həm dini hökmlər, həm də cəmiyyətin formalaşdırdığı ənənələrlə tənzimlənən həssas mövzulardan biridir. Adətən mərhumların qəbirstanlıqlarda dəfn edilməsi geniş yayılmış ənənə olsa da, bəzi hallarda şəxsi torpaq sahəsində və ya həyət evinin ərazisində dəfn məsələsi müzakirə olunur. Bu isə dini baxımdan icazə, etik yanaşma və hüquqi tələblərlə bağlı müxtəlif suallar doğurur. Xüsusilə mərhumun öz həyətində dəfn olunmasının caiz olub-olmaması cəmiyyətdə maraq doğuran mövzulardandır.
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, İslamda əsas məqsəd insanın ölümündən sonra onun hörmətlə torpağa tapşırılması, qəbrinin qorunması və yaxınlarının onu ziyarət edə bilməsidir:
“Qurani Kərimdə buyurulur ki, sonra onu öldürdü və qəbrə qoydurdu. (Qurani Kərim, Əbəsə surəsi, 21) Bu ayədən də görünür ki, insanın dəfn edilməsi Allahın insana verdiyi nemətlərdən biridir. Yəni insanın torpağa tapşırılması sadəcə bir adət, ənənə deyil, həm də ilahi hikmət daşıyan bir əməldir. Məhəmməd peyğəmbər (s.ə.s) və onun səhabələrinin həyatına baxdıqda görürük ki, müsəlmanlar əsasən ümumi qəbiristanlıqlarda dəfn ediliblər. Mədinədə yerləşən Bəqi qəbiristanlığı bunun ən məşhur nümunəsidir. Peyğəmbərimiz (s.ə.s) buyurub: Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. İndi isə onları ziyarət edin. Çünki bu, axirəti xatırladır. (Müslim, Cənaiz, 106) Bu hədis göstərir ki, qəbiristanlıqlar yalnız dəfn yeri deyil, həm də insanın həyatın faniliyi üzərində düşünməsi üçün mənəvi məktəb rolunu oynayır. Dini mənbələrə baxdıqda mərhumun şəxsi torpaq sahəsində və ya həyətində dəfn olunmasını qəti şəkildə haram sayan bir hökmə rast gəlinmir. Əksinə, İslam hüququnda əsas prinsip budur ki, dəfn edilən yer insanın hörmətini qorusun, qəbir sonradan təhqirə və ya dağıntıya məruz qalmasın. Lakin klassik fiqh alimlərinin böyük əksəriyyəti ümumi müsəlman qəbiristanlıqlarında dəfni daha münasib hesab etmişlər. İmam Nəvəvi, İbn Qudamə, İbn Abidin və digər fiqh alimləri qeyd edirlər ki, müsəlmanların bir yerdə dəfn olunması həm ziyarət baxımından, həm də qəbirlərin qorunması baxımından daha məqsədəuyğundur”.
O qeyd edib ki, tarixdə bəzi istisnalar da olub:
“Peyğəmbərimiz (s.ə.s) vəfat etdikdən sonra yaşadığı otaqda dəfn olunmuşdur. Lakin İslam alimləri bu hadisəni xüsusi hökm kimi qiymətləndirmiş və ümumi qayda hesab etməmişlər. Son illərdə aparılan elmi araşdırmalar da göstərir ki, planlı və mərkəzləşdirilmiş qəbiristanlıqlar sanitariya, şəhərsalma və ekoloji təhlükəsizlik baxımından daha əlverişlidir. Xüsusilə yeraltı suların qorunması, torpaq istifadəsinin planlaşdırılması və gələcək nəsillər üçün yaşayış sahələrinin saxlanılması baxımından qəbiristanlıq sisteminin üstünlükləri qeyd olunur. Bir sıra ölkələrdə urbanizasiya və əhalinin sıx məskunlaşması səbəbindən yaşayış həyətlərində dəfn halları məhdudlaşdırılır və ya xüsusi icazələrlə həyata keçirilir. Mən müxtəlif media qurumlarına verdiyim açıqlamalarda da dəfələrlə vurğulamışam ki, İslam dinində məqsəd insanları çətinliyə salmaq deyil, nizam yaratmaqdır. Dəfn məsələsində də əsas meyar insanın hörmətinin qorunması, yaxınlarının rahat ziyarət edə bilməsi və gələcəkdə qəbrin itib-batmamasıdır. Bu baxımdan mənbələrə də baxdıqda görürük ki, dini cəhətdən mərhumun öz həyətində dəfn olunmasını mütləq haram hesab etmək düzgün olmaz. Əgər qanunvericilik buna icazə verirsə, sanitariya qaydaları pozulmursa və qəbrin qorunacağına təminat varsa, bu mümkündür. Lakin həm İslam ənənəsi, həm fiqh alimlərinin üstün mövqeyi, həm də müasir sosial və ekoloji reallıqlar baxımından mərhumun qəbiristanlıqda dəfn olunması daha münasib, daha məqsədəuyğun və daha doğru seçim hesab edilir”.
İlahiyyatçı əlavə edib ki, çünki qəbiristanlıq yalnız ölülərin məkanı deyil:
“O, yaşayanlara həyatın faniliyini xatırladan, insanı öz əməlləri üzərində düşünməyə sövq edən mənəvi bir məktəbdir. Mən düşünürəm ki, hansısa bir cənazə evdə dəfn olunsa həmin evin sakinləri həyatı boyu narahatlıq hiss edərlər. Daima müəyyən psixoloji narahatlıqlar ola bilər. Həm də axı dinimizdə ən doğru yol göstərilib ki, cənazəni qəbirstanlıqda dəfn eləmək daha yaxşıdır. Adicə həyətdə pişik öləndə, hansısa canlı öləndə onu dəfn edəndə insanda müəyyən narahatlıqlar yaranır. Bu səbəbdən ən rahat yolu budur ki, islamın bizə bildirdiyi kimi cənazələrimizi qəbirstanlıqda dəfn edək. Mərhum yaxın qohumun evin həyətində dəfn olunması isə xüsusilə uşaqlarda, yaşlılarda və emosional insanlarda daha güclü psixoloji təsirlər yarada bilər. İnsan hər gün həmin qəbirlə üzləşdikdə yas hissindən tam ayrılmaqda çətinlik çəkə, bəzi hallarda bu vəziyyət daimi kədər və mənəvi ağırlıq hissi yarada bilər. Buna görə də İslamın ümumi qəbiristanlıq ənənəsi yalnız dini deyil, həm də sosial və psixoloji hikmətlər daşıyır. Qəbiristanlıq həm mərhumun hörmətinin qorunmasına, həm də yaxınlarının zamanla normal həyat ritminə qayıtmasına kömək edir”.


