Biləsuvar rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1987-ci il təvəllüdlü Fərid birgə yaşadıqları evdə arvadı Sevil (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman Sevil ərinə spirtli içki satılmamasını demək üçün kənd ərazisində olan mağazalara getməsinə görə öz iradını bildirib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Fərid arvadının baş və bədən nahiyəsindən bir neçə dəfə yumruq, daha sonra ayaq zərbələri vurub.
Faktla bağlı Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Biləsuvar Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim onun barəsində ittihamedici hökm çıxarmayıb.
Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindəņ azad edilib.


