Quba rayonunda 51 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yenikənd kəndində baş verib. 1975-ci il təvəllüdlü Muxtar yaşadıqları evdə arvadı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə arvadının sifət və bədəninin digər nahiyələrinə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zəminə ilə ər-arvad münasibətlərində yaşasalar da, lakin rəsmi nikahları yoxdur:
“Bizim bir övladımız var. Məlum hadisə günü, saat 23 radələrində yaşadığımız evdə olarkən Zəminə ilə aramızda söz mübahisəsi yarandı. Həmin vaxt əsəbləşərək yumruqla Zəminənin sifət və çiyin nahiyələrinə vuraraq, ona xəsarət yetirdim”.
Quba Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Bu səbəbdən də Zəminə məhkəməyə təqdim etdiyi ərizəsində ərini bağışladığını, ona qarşı şikayəti olmadığını göstərib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


