Yay mövsümündə havaların həddindən artıq isti keçməsi insanların psixoloji durumuna da təsir göstərə bilir. Yüksək temperatur bədəndə yorğunluğu artırır, yuxu rejimini pozur və bu da aqressiya ilə əsəbiliyin yüksəlməsinə səbəb olur. Xüsusilə uzunmüddətli istilər zamanı insanların stressə qarşı dözümlülüyü azalır, gündəlik gərginlik daha kəskin hiss edilir. Bunun nəticəsində ailədaxili mübahisələr, sosial narahatlıq və emosional gərginlik halları arta bilər. Bəs yay aylarında aqressiyanın artmasının əsas səbəbləri nələrdir və bu vəziyyətdən qorunmaq üçün hansı addımlar atılmalıdır?
Bu barədə klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, aqressiya və əsəbiliyin yayda artmasının səbəbini təkcə isti hava ilə izah etmək düzgün deyil:
“Yay insanın daxilində olan narazılıqları, çatışmazlıqları və müqayisə meylini daha görünən edir. Yay mövsümü cəmiyyətdə xoşbəxtlik, istirahət, səyahət və rahatlıq dövrü kimi təqdim olunur. İnsanlar aylarla gözlədikləri bu mövsümdə həyatlarının dəyişəcəyini, dincələcəklərini, özlərini daha yaxşı hiss edəcəklərini düşünürlər. Lakin gözləntilərlə reallıq üst-üstə düşməyəndə məyusluq yaranır. Məyusluq isə çox vaxt birbaşa kədər kimi deyil, aqressiya kimi üzə çıxır. Sosial şəbəkələr bu prosesi daha da gücləndirir. İnsan hər gün başqalarının dəniz kənarında, xarici ölkələrdə, restoranlarda və ya ailəvi istirahətdə çəkilmiş görüntülərini izləyir. Şüuraltı şəkildə öz həyatını həmin kadrlara qarşı ölçməyə başlayır. Problemin kökü ondadır ki, insanlar başqasının həyatının nümayiş etdirilən hissəsini öz həyatlarının bütün reallığı ilə müqayisə edirlər. Nəticədə öz resurslarını, imkanlarını və əldə etdiklərini yox, çatışmayan tərəflərini görürlər”.
O qeyd edib ki, yayda insan öz həyatı ilə daha çox üz-üzə qalır:
“O zaman da suallar yaranır: "Niyə mən istədiyim yerdə deyiləm?", "Niyə mənim həyatım başqalarınınkı kimi deyil?", "Niyə mən istirahət edə bilmirəm?". Bu sualların cavabı tapılmadıqda gərginlik artır və münasibətlərə də təsir edir. Günəş işığının əksər insanlar üçün əhval-ruhiyyəyə müsbət təsiri olsa da, bəzi psixi vəziyyətlərdə, xüsusilə emosional tənzimləmə problemləri və ya əhval pozuntuları olan şəxslərdə aktivliyin və emosional reaksiyaların artmasına səbəb ola bilər. Bu zaman əsəbilik, səbirsizlik və impulsiv davranışlar daha qabarıq görünür. İnsanın aqressiyasını hava yox, onun hadisələrə verdiyi məna idarə edir. Yay çox zaman səbəb kimi göstərilir, amma əslində o, daxildə yığılan narazılıqların, müqayisələrin və reallaşmamış gözləntilərin görünən hala gəlməsi üçün fon rolunu oynayır. İnsan öz həyatını başqalarının həyatına uyğunlaşdırmağa çalışdıqca, sahib olduqlarının dəyərini itirdikcə və xoşbəxtliyi yalnız xarici göstəricilərlə ölçdükcə, aqressiya üçün zəmin də genişlənir. Çünki müqayisə artdıqca minnətdarlıq azalır, minnətdarlıq azaldıqca isə insan həm özünə, həm də ətrafına qarşı daha sərt və dözümsüz olur”.
Beləliklə, yay mövsümündə insan psixologiyasında müşahidə olunan neqativ dəyişikliklər və aqressiya meyli sadəcə hava şəraitinin çətinliklərindən deyil, daha çox fərdlərin daxili gözləntiləri ilə real imkanlarının toqquşmasından yaranır. Sosial şəbəkələrin təsiri ilə formalaşan süni ideal həyat illüziyaları insanları davamlı müqayisələrə sövq edərək mövcud resurslardan zövq almaq bacarığını məhdudlaşdırır. Emosional gərginliyin və ailədaxili münaqişələrin qarşısını almaq üçün subyektiv dəyərləndirmə meyarlarını dəyişmək, diqqəti başqalarının nümayişkaranə həyatına deyil, fərdi inkişafa və daxili hüzura yönəltmək bu mövsümi depressiv dalğadan qorunmağın ən effektiv üsulu kimi qəbul edilməlidir.
Leyla Turan Demokrat.az


