Kriminal Özəl

Boşansalar da eyni evdə qalan cütlüyün işi yenə məhkəməyə getdi

Boşansalar da eyni evdə qalan cütlüyün işi yenə məhkəməyə getdi

Bakının Sabunçu rayonunda 46 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağsu rayon sakini, 1980-ci il təvəllüdlü Tağı birgə yaşadıqları evin dəhlizində arvadı Əsmər (adlar şərtidir – red.) ilə mübahisə edib. Ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı o, əl zərbəsi ilə qadının sifətindən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İş üzrə izahat verən Tağı bildirib ki, 2005-ci ildə Əsmər ilə rəsmi olaraq ailə həyatı qurub və onların bu nikahdan üç övladı dünyaya gəlib:

“Əvvəllər münasibətlərimiz çox yaxşı olub. Lakin sonradan yola getmədiyimiz üçün 2021-ci ildə məhkəmənin qərarı ilə ayrıldıq. Ayrılmağımıza baxmayaraq bir evdə yaşamışıq”.

Tağı qeyd edib ki, məlum hadisə günü, saat 17:00-da yaşadıqları evdə olan zaman qardaşının evinə elektrik xətti çəkməsi üçün icazə verib və bunu görən Əsmər öz etirazını bildirib:

“Bu zəmində aramızda sözlə mübahisələrimiz düşdü. Mübahisə zamanı əsəbləşərək Əsmərin sifətindən əlim ilə bir zərbə vurdum. Sonra da oradan uzaqlaşdım. Etdiyim əməldən peşmanam. Bir daha belə hərəkətlərə yol verməyəcəm”.

İş üzrə zərərçəkmiş Əsmərin sözlərinə görə, Tağı ilə 2005-ci ildə rəsmi olaraq ailə həyatı qurub və bu evlilikdən üç övladı dünyaya gəlib:

“Tağı ilə ailə həyatı qurduqdan sonra bizim münasibətlərimiz heç yaxşı olmayıb. O, mütəmadi olaraq spirtli içki qəbul edib, heç bir səbəb olmadan evdə münaqişələr yaradıb. Bu səbəbdən də onunla məhkəmənin qərarı ilə ayrıldıq. Ayrılmağımıza baxmayaraq bir evdə yaşayırıq. Amma yenə də Tağı öz köhnə əməllərinə davam edib, spirtli içki içib, evdə münaqişələr yaradıb”.

Əsmər qeyd edib ki, məlum hadisə günü, təxminən saat 17:00-da yaşadıqları evdə olan zaman Tağı qonşuluqda yaşayan qardaşına öz evlərindən onun evinə əlavə elektrik xətti çəkib, onlara elektrik verib:

“Mən də bunu gördüm, etirazımı bildirdim. Çünki bunun nəticəsində evdə olan elektrik ötürücü yandı. Bunu usta gördükdə evdə yanğına səbəb ola biləcəyini qeyd etdi. Mən buna görə öz etirazımı bildirdim. Bu zaman Tağı üstümə hücum çəkib, mübahisə yaratdı. Yumruqla sifətimdən və başımdan vuraraq xəsarət yetirdi. Lakin həmin vaxtı bu barədə polisə məlumat vermədim”.

Zərərçəkmiş deyib ki, daha sonra başı və sifətində ağrılar olduğu üçün xəstəxanaya gedib və oradan da 15-ci Polis Şöbəsinə yollanaraq ərizə ilə müraciət edib: “Tağının mənimlə heç bir işi olmamasını istəyirəm. Hazırda onunla barışmışam, ona qarşı heç bir şikayətim yoxdur. Onun barəsində hər hansı cəza tədbirinin tətbiq edilməsini istəmirəm”.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova