Kriminal Özəl

İçib, pilləkəndə yer üstündə dava saldılar — Xətaidəki hadisənin detalları

İçib, pilləkəndə yer üstündə dava saldılar — Xətaidəki hadisənin detalları

Bakının Xətai rayonunda 18 yaşlı oğlan həmyaşıdına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 6-da baş verib. 2008-ci il təvəllüdlü Qorxmaz həmin gün, gecə saat 4 radələrində “24 saat market”in qarşında olarkən sərxoş halda market istiqamətində gələn Mahirin (adlar şərtidir – red.) onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla onun sifət nahiyəsindən vuraraq yerə yıxıb.

Daha sonra o, bir dəfə də təpiklə Mahirin baş nahiyəsindən vuraraq ona baş-beynin ağır dərəcəli əzilməsi ilə nəticələnən xəsarətlər yetirib.

Qorxmazın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Qorxmaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mayın 6-da, gecə saat 4 radələrində qardaşı Mübariz ilə birlikdə “24 saat” marketin qarşısında telefonla oynayıblar:

“Bu zaman 2 nəfər tanımadığım şəxs bizə yaxınlaşdı, nalayiq sözlərlə burada niyə oturduğumuzu bildirdilər. Mən həmin vaxt ayağa qalxdım. Onlardan biri olan Mahir atamın ünvanına nalayiq sözlər işlətdi. Mən də onu yumruqla vurdum. O yerə yıxıldı. Mahir yerə yıxıldıqdan sonra yenə nalayiq sözlər işlətməyə davam etdi. Təpiklə onun baş nahiyəsinə bir zərbə vurdum. Sonra Mahiri pilləkənə qoydum, marketdən su aldım və onu ayıltmağa çalışdım. Sonra Mahir getdi”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, hadisə gecə saat 4 radələrində baş verib:

“Hövsan qəsəbəsində yaşayıram. Əvvəllər Telnov küçəsində yaşadığıma görə ora getmişdim. Həmin zaman anam zəng etdi. Lakin ona pulumun olmadığını demədim. Anam hadisədən 20 dəqiqə əvvəl zəng etmişdi. Ona dostumgildə olduğumu dedim. Mən idman məktəbində oxuyuram. Əvvəllər 7 il cüdo idman növü ilə məşğul olmuşam. Mahir və onun yanında olan şəxsin ağızlarından iy gəldiyinə görə onların sərxoş olduqlarını bilmişəm. Marketin qarşısında 2 pillədən ibarət pilləkən olub. Biz orada oturmuşduq.Pilləkəndə oturmağımızın həmin şəxslərə mane olmasa da, birbaşa bizə təhqirlə müraciət etdilər. Mahirin yanındakı şəxslə qardaşım Mübariz mübahisə etdi. Mahir əvvəlcə məni təhqir etdi. Ona fikir verməməyə çalışdım. Sonra o, atamı təhqir etdi. Mən də Mahiri vurmuşam. Mahirin üz nahiyəsindən yumruqla vurmuşam və o, yerə yıxılıb. O, yerdə mənə müqavimət göstərməyib. Mahir yerdə söyüş söydüyünə görə onun baş nahiyəsindən 1 dəfə təpiklə vurmuşam. Mahirin ağır xəsarət alacağını ehtimal etməmişəm. Təpiklə vurduqdan sonra nalayiq sözlər işlətməyi dayandırdı”.

Zərərçəkmiş şəxs qismində dindirilən Mahirin sözlərinə görə, Qorxmazı tanımır, hadisəni xatırlamır. O bildirib ki, Mahiri cəmi 1 dəfə məhkəmədə görüb, restoranda spirtli içki qəbul edib:

“Məni kimin vurmasını xatırlamıram. Hadisə evimin yaxınlığında baş verib. Döyüldüyümü, evimə necə getdiyimi də xatırlamıram. Həmin gün rakı, araq və pivə içmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova