Sosial Özəl

Bakıda sakinləri təşvişə salan hadisənin elmi səbəbi açıqlandı — VİDEO

Bakıda sakinləri təşvişə salan hadisənin elmi səbəbi açıqlandı — VİDEO

Bakıda axşam saatlarında çoxsaylı uçan həşəratların görünməsi diqqət çəkib və bu görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Şəhərin müxtəlif ərazilərində qeydə alınan həmin mənzərələr sakinlər arasında maraq və narahatlıq yaradıb. İzləyicilərin bir qismi onların uçan qarışqalar olduğunu qeyd edir, digərləri isə bunun mövsümi həşərat artımı ilə bağlı ola biləcəyini düşünür.

Bəs bu həşəratların birdən-birə kütləvi şəkildə görünməsinə nə səbəb olur və bu hal hansı təbii amillərlə bağlıdır?

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, kəpənəklər, böcəklər, ağcaqanadlar və milçəklər işığa doğru istiqamət götürürlər:

"Bu, onların genetik xüsusiyyətlərindən biridir. Qədim dövrlərdən etibarən bu cür həşəratlar uçarkən Ayı və ya ulduzları əsas istiqamət kimi götürüb hərəkət edirdilər, yəni onlara doğru yönəlirdilər. Özlərinə belə istiqamət seçirdilər.

Bu, onlarda formalaşmış təbii vərdiş olduğuna görə, süni işıq mənbələrinə, xüsusilə projektorların güclü işığına da eyni şəkildə reaksiya verirlər. Süni işıq onların orientasiya, yəni düzgün istiqamət seçmə qabiliyyətini müəyyən qədər çaşdırır. Videodan da göründüyü kimi, kəpənəklər, böcəklər və ağcaqanadlar kütləvi şəkildə işığa doğru uçurlar.

Onların bu cür istiqamətlənməsi və toplanması həmin təbii vərdişlərdən irəli gəlir. İşığı görərək ona doğru hərəkət edirlər və bunu sanki təyinat nöqtəsi kimi qəbul edirlər. Təəssüf ki, hazırda süni işıqlandırma çox olduğuna görə həşəratlar hələ bu vəziyyətə tam uyğunlaşmayıblar və güclü işıq onları daha çox cəlb edir", - deyə o qeyd edib.

Beləliklə, Bakı səmasında müşahidə olunan kütləvi həşərat axınının hər hansı ekoloji təhlükə və ya qeyri-adi fəlakətlə bağlı olmadığı aydınlaşıb. Sakinlər arasında narahatlığa səbəb olan bu mənzərə şəhərin intensiv süni işıqlandırılması fonunda həşəratların qədim bioloji instinktlərinin çaşmasından qaynaqlanan tam təbii prosesdir.

@techone_komputer_temiri

Kimler gördü hal hazırda 28 mayda?

♬ Spooky, quiet, scary atmosphere piano songs - Skittlegirl Sound

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova