Maraqlı Özəl

Sarı və yağlı soba gözlərini tərtəmiz edən üsul — 5 dəqiqəyə hazırlanır

Sarı və yağlı soba gözlərini tərtəmiz edən üsul — 5 dəqiqəyə hazırlanır

Yemək daşmaları və sıçrayan yağlar səbəbindən zamanla saralıb qaralan ocaq gözlərini təmizləmək mətbəxdə ən zəhmətli işlərdən biri hesab olunur. Ləkələri təmizləmək üçün istifadə edilən tel süngərlər isə səthdə cızıq və matlaşma yaradır. Mütəxəssislərə görə, heç bir kimyəvi maddəyə ehtiyac olmadan, evdə olan sadə vasitələrlə ocaq gözlərini ilk günkü parlaqlığına qaytarmaq mümkündür.

Demokrat.az xəbər verir ki, “Posta” qəzetinin yazdığına görə, cəmi 5 dəqiqəyə hazırlanan təbii qarışım sayəsində ovalamağa ehtiyac qalmadan inadkar yağ və yanıq ləkələri aradan qaldırıla bilər.

Kimyəvi maddələrə ehtiyac olmadan təmizlik üsulu

Ocaq gözlərində yığılan qurumuş yağ və yanıq izlərini təmizləmək üçün güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac yoxdur. Ev şəraitində hazırlanan sadə qarışım qısa müddətdə təsir göstərərək çirkləri yumşaldır və təmizlənməni asanlaşdırır.

Təmizlik üçün lazım olan vasitələr

* Dərin qab və ya geniş ləyən * Ocaq gözlərini tam örtəcək qədər qaynar su * 2 xörək qaşığı karbonat * 1 çay stəkanı ağ sirkə * Bir neçə damcı qab yuyan vasitə

Hazırlanma qaydası

Çirklənmiş ocaq gözləri yerindən çıxarılaraq dərin qabın içinə yerləşdirilir. Üzərinə bərabər şəkildə karbonat səpilir, daha sonra ağ sirkə əlavə olunur. Bu mərhələdə köpürmə reaksiyası yaranır və bu, ləkələrin yumşalmağa başladığını göstərir.

Daha sonra qarışığa bir neçə damcı qab yuyan vasitə əlavə edilir. Ardınca qaynar su tökülür və ocaq gözləri tamamilə suyun altında qalır.

Hazırlanan məhlulun təsir göstərməsi üçün 20–30 dəqiqə gözləmək kifayətdir. Bu müddət ərzində yağ və kir qatlarının tədricən səthdən ayrıldığı müşahidə olunur.

Cızmadan asan təmizlik

Gözləmə müddəti bitdikdən sonra ocaq gözləri sudan çıxarılır. Tel və sərt fırça istifadə etmək əvəzinə, yumşaq süngərin arxa hissəsi ilə yüngül şəkildə silmək kifayətdir. Kir qatlarının heç bir güc tətbiq etmədən asanlıqla təmizləndiyi bildirilir.

Sonda hissələr bol su ilə yaxalanır və yenidən yerinə taxılmazdan əvvəl tam qurudulması tövsiyə olunur. Bu üsulun mütəmadi tətbiqi ocağın daha uzun müddət təmiz və parlaq qalmasına kömək edir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova