Bakının Xəzər rayonunda 31 yaşlı oğlan bacısının baldızına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Binə qəsəbəsində baş verib. Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Röyal aralarında yaranan münaqişə zamanı Təhminəni (adlar şərtidir – red.) vuraraq ona xəsarətlər yetirib.
Röyalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Röyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Təhminə onun bacısı Esmiranın baldızıdır:
“Hadisədən 1 gün qabaq telefon danışığı zamanı Təhminə mənim atamı pis sözlərlə təhqir etdi. Bu səbəbdən də əsəblərimi cilovlaya bilmədim və Təhminənin qonaq gəldiyi evə getdim. İçəri daxil olduqdan sonra qəsdən əlim ilə onun baş və sifət nahiyəsindən vurdum. Etdiyim əməldən peşmanam. Barışığa cəhd etsəm də, buna nail ola bilmədim”.
İş üzrə zərərçəkmiş Təhminənin sözlərinə görə, Röyal ilə mobil telefonla danışan zaman aramızda mübahisə yarandı və bir-birimizi təhqir etdik. Mübahisənin yaranma səbəbi Röyalın atası Adilin qardaşıma söz atması olub. Bundan sonra mən iradını bildirdim və Adil ilə mübahisələrimiz oldu. Qonaq getdiyim evdə olan zaman Röyal ora gəldi və məni vuraraq xəsarət yetirdi”.
Xəzər Rayon Məhkəməsinin hökm ilə Röyal 1000 manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


