Avto Özəl

Yayda kondisioneri belə işlədəndə benzin az gedir

Yayda kondisioneri belə işlədəndə benzin az gedir

Sürücülərin əksəriyyəti avtomobildə yanacağa qənaət etməyin sadə üsulunu bilmir. Yay aylarında maşın salonunda temperatur bəzən 60 dərəcəyə çatır. Bu zaman kondisioneri düzgün idarə etmək həm texnikanı qoruyur, həm də xərcləri azaldır. Mütəxəssislər xüsusi qaydalara əməl etməklə yanacaq sərfiyyatını 10-20 faiz azaltmağın mümkün olduğunu bildirirlər.

Demokrat.az xəbər verir ki, yayda kondisioner panelindəki daxili hava sirkulyasiyası düyməsi ən böyük qənaət mənbəyidir. Üzərində dövr edən ox işarəsi olan bu düymə sistemin işini yüngülləşdirir. Rejim aktiv olduqda kondisioner çöldəki isti havanı sovurmur. Qurğu salonun daxilindəki artıq soyumuş havanı yenidən dövr etdirir. Nəticədə kompressorun yükü azalır və mühərrik daha az yanacaq işlədir. Sürücülər sadəcə uzun yolda oksigenin azalmaması üçün bu rejimi saatda bir dəfə qısa müddətə söndürməlidir.

Avtomobilə minən kimi dərhal soyutma sistemini maksimum dərəcədə yandırmaq səhv addımdır. İlk növbədə pəncərələri tam açaraq maşını bir neçə dəqiqə sürmək lazımdır. Küçənin küləyi salondakı bürüzlü və isti havanı sürətlə kənara çıxarır. Bundan sonra pəncərələri bağlayıb kondisioneri işə salmaq lazımdır. Bu üsul soyutma sisteminin gücünü qoruyur və enerjiyə qənaət edir.

Yüksək sürətlə hərəkət edərkən pəncərəni açmaq yanacaq sərfiyyatını daha da artırır. Sürət saatda 70-80 kilometri keçdikdə açıq pəncərələr maşında paraşüt effekti yaradır. Hava müqaviməti səbəbindən mühərrik daha çətin işləyir və çox yanacaq tələb edir. Magistral yollarda pəncərələri bağlayıb kondisioneri 22-24 dərəcədə saxlamaq ən səmərəli üsuldur.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova