Diyetoloqlar bildirirlər ki, fiziki aktivlik təkcə idman zalı ilə məhdudlaşmır — gündəlik gəzintilər və evdə edilən sadə məşqlər də qan təzyiqinə müsbət təsir göstərə bilər.
Demokrat.az cəbər verir ki, "EatingWell" nəşrinin məlumatına görə, müntəzəm fiziki aktivlik arterial təzyiqi müxtəlif mexanizmlərlə yaxşılaşdırır və bəzi hallarda dərman müalicəsinə əlavə təsir göstərə bilər.
Mütəxəssislərin açıqladığı 5 əsas dəyişiklik:
1. İstirahət halında təzyiq aşağı düşə bilər
Məşq zamanı təzyiq müvəqqəti yüksəlsə də, uzunmüddətli dövrdə aerob məşqlər istirahət zamanı arterial təzyiqin azalmasına kömək edir. Araşdırmalara görə, dözümlülük məşqləri sistolik təzyiqi orta hesabla 4–5 mm civə sütunu azalda bilər ki, bu da ürək-damar riskinin azalması baxımından əhəmiyyətli sayılır.
2. Qan damarları daha elastik olur
Yaş və digər amillər damarların sərtləşməsinə səbəb ola bilər. Fiziki aktivlik isə damarların elastikliyini artıraraq qanın daha asan dövranını təmin edir və ürəyin yükünü azaldır.
3. Ürək daha effektiv işləməyə başlayır
Ürək də əzələdir və məşqlə güclənir. Mütəmadi kardio məşqlər nəticəsində ürək hər döyüntüdə daha çox qan pompalayır və eyni işi görmək üçün daha az döyünmə tələb olunur.
4. Stress hormonları tənzimlənir
Xroniki stress kortizol və adrenalin kimi hormonları artıraraq təzyiqi yüksəldə bilər. Fiziki aktivlik bu hormonların səviyyəsini azaldır, damarların fəaliyyətini yaxşılaşdırır və orqanizmin stressə reaksiyasını yumşaldır.
5. Sağlam çəkinin qorunmasına kömək edir
Artıq çəki, xüsusilə qarın nahiyəsində, ürəyə əlavə yük yaradır və təzyiqi artırır. Hətta kiçik çəki itkisi belə arterial təzyiqin azalmasına müsbət təsir göstərə bilər.
Nəşr vurğulayır ki, müsbət nəticə üçün mütləq idman zalına getmək şərt deyil — əsas olan müntəzəm hərəkətdir.
Jalə Demokrat.az


